Qərb dünyası dövlət çevrilişini və ondan sonrakı prosesləri başa düşməkdə çətinlik çəkir

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Qərbin Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı mövqeyi barədə məqalə yazdı.

583505
Qərb dünyası dövlət çevrilişini və ondan sonrakı prosesləri başa düşməkdə çətinlik çəkir

Dövlət çevrilişi çəhdinin mənasını anlamağı bacarmayanlar milyonlarla Türkün 15 İyul şəhidlərinin xatirəsini canlı tutmağa çalışmasının səbəbini də yəqin ki, başa düşməyəcəklər.

Oktyabrın 2-də 15 iyul dövlət çevrilişi cəhdində şəhid olanlar üçün yadetmə mərasimi keçirildi. Tədbirdə Türkiyənin tanınmış musiqiçilərinin səsləndirdiyi xalq musiqisindən ibarət repertuar şəhidlərin sevdiyi mahnılar arasından seçilərək yaradılıb. Anadolu coğrafiyasında yaşayan insanların əsrlərlə sevinc və kədərlərini mahnılar vasitəsilə ifadə etdiklərini nəzərə alsaq, bu tədbirin bir çox insanın hisslərini də əks etdirmiş olduğunu görərik.

 Bu, 15 İyul şəhidlərinin xatirəsini yad etmək üçün keçirilən  mərasimlərdən yalnız biridir. Ötən 10 həftə boyunca, bir çox sənədli film, sosial media kampaniyaları və sərgilər keçirilib. Eyni zamanda, konfranslar, müzakirələr və qrup görüşləri olub. Qarşıdakı həftələr və aylarda bunların davam edəcəyinə əminik.

Nə üçün? Qərb dünyasında bəzilərinin tövsiyə etdiyi kimi, bu faciəni arxada qoyub gələcəyə baxmağın vaxtı gəlib çatmadımı? Türkiyədə yaşayan insanlar çevriliş və sonrakı proseslərlə bağlı hesablaşmalara davam etdikləri halda, Avropa və Amerikada bir çox insan o həyati əhəmiyyət kəsb edən gecədə və sonra olanların böyüklüyünü anlamağa çətinlik çəkirlər.

Türkiyədə bu çərçivədə keçirilən xatirə mərasimlərinin səbəbilə bağlı bir şübhə yoxdur. Ancaq hadisələri xaricdən izləyənlər və Türkiyəni təqib edənlərə bu tədbirlərin helikopter və tankların atəşləri altında qorxu yaşamış insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini təkrar etmək faydalı ola bilər. İnsanların həyatını dəyişdirən o gecədə olanlarla bağlı qavrayış fərqliliyi olduğu və xaricdəki dünyanın bunu necə nəzərdən qaçırdığı açıq-aşkardır. 15 iyul dövlət çevrilişi cəhdinin ciddiliyini dərk etmək və qəbul etmək bəziləri üçün çox çətindir. Türkiyə cəmiyyətindəki mövcud dinamikaları anlamağa çalışanlar çevrilişin necə planlaşdırılmasına, həyata keçirilməyə çalışılmasına və nəhayət, necə həll edilməsinə diqqət etsələr, bu, onlar üçün faydalı olar. Bu məsələ ilə bağlı real hadisə və ifadələrə əsaslanaraq görülmüş bir neçə çox yaxşı iş vardır. Nümunə olaraq, Daily Sabah Siyasi Tədqiqatlar Mərkəzinin avqustda dərc etdirdiyi  hesabatı göstərmək olar.

 Bu mətndə bizi maraqlandıran çevriliş çəhdinin təsiridir. Bunu 3 əsas başlıqla sadalamaq olar.

 Hər şeydən əvvəl, 1980-1990-cı illər arasında anadan olan gənc nəsil həyatı boyu  dövlət çevrilişi görməyib, 1960-cı il çevrilişindən sonra baş nazir Adnan Menderesin tükürpətici asılma hekayəsinə qulaq asıb. 1980-ci il çevrilişindən sonra da sağ və sol hərəkatların kütləvi şəkildə cəzalandırılmasına dair hekayələr dinləyib. Misir kimi başqa ölkələrdəki hərbi çevrilişlər barədə yəqin ki, eşidib və oxuyub. Lakin gənclər 2016-cı ilin 15 iyulunda hərbi çevriliş təşəbbüsünü gözləri ilə gördülər, tankların, helikopterlərin və döyüş təyyarələrinin onlara, analarına, atalarına, dostlarına və qohumlarına düşmən kəsilməsinə şahid oldular. Onlar çox böyük bir xəyanətin şokunu yaşadılar, dostlarının və ailələrinin şəhid və qazi mərtəbəsinə yüksəlmələrini izlədilər, tarixdə demokratiya dastanı yazdılar. Türklərin o gecə etdikləri fədakarlıqları və verdiklər qurbanları xatırlamaları çox təbiidir.

İkincisi, Türkiyədəki bir çox insan 15 iyul günü Gülən Terror Təşkilatının (FETÖ) qaranlıq üzünün yaydığı təhlükəni hiss etmişdilər. Bu adamlar Gülən tərəfdarlarının sadə insanların inanclarından necə sui-istifadə etdiyini, imtahan suallarını necə oğurladıqlarını, dövlət qurumlarına, təhlükəsizlik və kəşfiyyat təşkilatlarına necə sızdıqlarını, inanılmaz bir sərvət toplayaraq Türkiyədə və dünyanın bir çox yerində necə cani bir təşkilat yaratdıqlarını daha açıq bir şəkildə gördülər.

 Kənardan baxanlar üçün yaxşı niyyətli görünən dini bir qrupun necə dövlət içində dövlət olduğunu, kölgə hökumət olaraq necə çalışdığını və qanunlar və aktlarla necə öz maraqları istiqamətində manipulyasiya etdiyini anlamaq çətin ola bilər. Lakin Gülən təriqətinin gizli fəaliyyətlərilə bağlı daha çox həqiqət ortaya çıxdıqca, mənzərə daha aydın olur. Bu,görünən məsum, sülh tərəfdarı və dialoq tərəfdarı olan bir hərəkat deyil, nəyin bahasına olursa-olsun iqtisadi güc və siyasi nüfuz əldə etmə marağını güdən bir təriqətdir. Tərəfdarlarının ilahi qüvvələrlə əlaqəsi olduğuna inandıqları Fətullah Gülənin tələbləri və göstərişlərinə mütləq və kor-koranə təslim olmaları əsasında Türkiyədə FETÖ kimi tanınan qrup 15 iyul dövlət çevrilişini planlaşdırmış və çevrilişi Türk ordusu, polisi və ədliyyə orqanlarında işləyənlərin əli ilə həyata keçirməyə cəhd göstərmişdir.Http://guleninvestigation.com

Gülən tərəfdarları illər ərzində ört-basdır etmək və qanuni səbəblərin arxasında gizlənmək məsələsində ustalaşdılar. Onların siyasi və iqtisadi tələblərinə boyun əyməyi rədd edənlərə qarşı media və vətəndaş cəmiyyətindən cinayətkar layihələrinə legitimlik qazandırmaq və bunları həyata keçirmək məqsədilə necə ustalıqla istifadə etdiklərini indi hər kəs daha yaxşı başa düşür. Yüzlərlə insanı tərəddüd etmədən həbs etdirdilər, işlərindən uzaqlaşdırdılar, böhtan kampaniyaları təşkil etdilər və ən sonda xalqımızın demokratik yolla seçdiyi seçdiyi hökumətə qarşı müharibə elan etdilər. Hanefi Avçı, Ruşen Cakır, Mustafa Önsel, Əhməd Şık, Nedim Şener və Dani Rodrik Gülən tərəfdarlarının ölkəmizdə törətdiyi cinayətləri sənədlərlə sübut ediblər.http://www.ecfr.eu/article/turkeyafterjuly15theviewfromankara7088

Üçüncü məqam isə qərb ölkələrinin və mətbuatının hadisə ilə bağlı reaksiyalarının Türk xalqı üzərindəki etdiyi emosional təsiridir.  Çevriliş cəhdindən sonra qərb dövlətlərinin rəhbərlərindən heç birinin ölkəmizə gəlməməsi, mühafizəkarlardan tutmuş, Qərb tərəfadarlarına qədər cəmiyyətin bütün təbəqələrini çaşqınlıq içində qoydu. Qərbin çevriliş cəhdinə və daha sonra baş verənlərə qarşı bu qədər laqeydliyi yalnız hökuməti dəstəkləyənlərin deyil, eyni zamanda, müxalifət partiyalarının və sol-liberal görüşlü yazıçıların da kəskin reaksiyasına səbəb oldu. Bir sıra Qərb media orqanı hadisələri  həqiqi bir çevrilişdən daha çox ordunun əhəmiyyətsiz bir qiyamı olaraq əks etdirdi. Çevriliş cəhdindən sonra görülən tədbirləri  çevrilişi öz həyatlarını təhlükəyə ataraq və xalqı hərəkətləndirərək dayandırmağa nail olan idarəyə, yəni prezidentimizə və hökumətimizə hücum etmək üçün bəhanə olaraq istifadə etdilər. Bu yaxınlarda təcrübəli bir  Avropa dövlət adamı mənə Avropada bir çox insanın Türkiyə parlamentinin 15 iyulda bombalandığını belə bilmədiklərini söylədi. Müvəffəqiyyətsiz çevriliş cəhdindən sonra ABŞ vitse-prezidenti Joe Biden və NATO-nun baş katibi Jens Stoltenberg də daxil olmaqla,Türkiyəyə səfər edən şəxslər gəlməzdən əvvəl hadisələrin dərinliyi haqqında məlumatlarının olmadığını söylədilər. Qərb media orqanlarının çoxu çevriliş gecəsində baş verənlərin dramatik fotoşəkillərini senzuraya məruz qoydular  və prezidentimizə və hökumətimizə hücum etməyə üstünlük verdilər.

Dövlət çevrilişi təşəbbüsünün mənasını anlaya bilməyənlər milyonlarla Türkün 15 İyul şəhidlərinin xatirəsini canlı tutmağa çalışmasının səbəbini də yəqin ki, başa düşməyəcəklər. Könüllü cahillik və siyasi riyakarlıq yerinə daha çox anlayışa ehtiyac hiss etdiyimiz belə bir zamanda bu vəziyyət həqiqətən çox kədərləndiricidir.

 

 

 



Әlaqәli Xәbәrlәr