Təbriz Bakı, Paris, Neapol kimi cazibədar deyil, amma...

Təbriz, tarixi və məşhur xalçaları

573781
Təbriz Bakı, Paris, Neapol kimi cazibədar deyil, amma...

  Müəllif Sevda Mirzə

  Azərbaycanda danışıldıqca bitməyən mövzulardan biri Təbrizdir. Təbrizə gedənlər bilir, getməyənlərə isə onu deyim ki, bu şəhər Bakı kimi, Paris kimi, Neapol kimi təmtəraqlı gözəlliyilə diqqəti çəkmir, cəlb etmir. Torpağına ayaq qoyanda bəlkə ilk öz-özünüzə deyəcəyiniz söz budur: “Təbriz, Təbriz deyirlər. Budur Təbriz? Nədir ki? Adi bir şəhər.” Bəli, təvazökar insanlara bənzəyən görünüşü var Təbrizin. Elə ki şəhərdə qalma zamanınız uzanır, dəqiqələr, saatlar keçir, yavaş-yavaş, yavaş-yavaş bu şəhərin özünün də, insanlarının da əzəmətini, böyüklüyünü, birincilər sırasında olma səbəblərini anlamağa başlayırsan.

  Bakı ilə Təbriz arasında ilk oxşarlığı bu şəhərlərin havasında gördüm. Təbrizin də havası Bakıdakı kimi küləkli və tez-tez dəyişkəndir: səhəri günəşli, gündüzü gülər, bir də gördün, axşamı qaraqabaq. Camaatı deyir: “Elə özümüz də havamıza oxşamışıq, coşub-daşıb inqilab edirik, sonra da sakitləşib yerimizdə otururuq”.  

   Qədimdən Azərbaycan deyilən əraziləri elə indi də İran dövləti Azərbaycan adlandırır, daha doğrusu, bizim Cənubi Azərbaycan dediyimiz məmləkət İranda Şərqi və Qərbi Azərbaycan adları ilə qeyd olunur.

  17-ci əsr tarixçisi Oruc bəy Bayat Təbrizi “Şərqin paytaxtı” adlandırırdı. Təbrizdə o vaxtlar 200-ədək karvansaray, 7 min dükan, 47 mədrəsə var idi. Bu gün isə Təbrizdə 250-dən çox şərq ornamentlərilə bəzədilmiş bir-birindən gözəl məscidlər var. Bunlardan 83-ü qədimdir və Qacarlar zamanı tikilib.  

  Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəni mərkəzi olan Təbriz İranla Rusiya və Türkiyə arasında ticarətdə əsas tranzit yolu üzərindədir.

  Təbriz həm də mühüm sənaye mərkəzidir: maşınqayırma və neft emalı, yüngül sənaye və yeyinti məhsulları, neft istehsalı və və iqtisadiyyatının digər böyük sənaye sahələri var.

  Hələ 400-500 il bundan əvvəldən Təbriz Yaxın Şərqin və ön Asiya karvan ticarətinin ən böyük mərkəzi hesab olunur, Trabzon, Çin, Hindistan və başqa yerlərə gedən karvan yolları buradan keçirdi. Yaxın Şərq ölkələrindən Avropaya ipək və digər mallar Təbriz vasitəsilə ixrac olunurdu.

  Təbrizin İraq, Genuya, Venesiya, Böyük Moskva Knyazlığı, Osmanlı imperiyası, Hindistan, Çin, İngiltərə, İsveç, Polşa, Danimarka və digər yerlərə ticarət əlaqələri var idi. Birinci Dünya Müharibəsinə qədər Təbriz İranın Avropa ölkələri, xüsusilə, Rusiya ticarətində mühüm rol oynayırdı.   

  Əsrlər boyu Təbriz dəfələrlə hücumlara məruz qalıb. 1385-ci ildə Teymurləng şəhəri ələ keçirdikdən sonra Təbriz sənərtkarlarının bir hissəsini Səmərqəndə göndərir. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən isə Təbrizdə xeyli tarixi və mədəniyyət abidələrini dağıdır. Yaxud 1514-cü ildə I Sultan Səlimin qoşunları Təbrizi tutur, 6 gündən sonra şəhəri tərk edir və gedəndə 1000-dən artıq Təbriz ustasını da özü ilə bərabər İstanbula aparır.

  Müharibələr nəticəsində yüz illər boyu memarlıq abidələrinin məhv olmasına baxmayaraq, Təbriz bu gün də əsasən orta əsrin simasını qoruyaraq mühafizə edə bilib.

  13-cü əsr Venesiya səyyahı Marko Polo Təbrizi gözəl və əzəmətli şəhər adlandırır və qeyd edir ki, əhalisi, əsasən, ticarət və sənətkarlıqla məşğul olur. Bu indi də belədir: Təbriz sənətkarları adladır.

  İmperiyalar paytaxtı, Azərbaycan şəhəri Təbriz, onun dünyaya səs salan tarixi və eyni zamanda, Yer üzündə bənzəri olmayan, birinci adını yüz illərdir qoruyub saxlayan məşhur Təbriz bazarı və xalçalarından bəhs edirik.

  Təbriz bazarı Şərqin ən qədim və möhtəşəm bazarlarından biridir. 10-cu əsrdən yadigar qalan qalıb və müasir günümüzə qədər bir az da təkmilləşdirilib. Bazarın uzunluğu 13 km., sahəsi 50 hektar, eni 6 metrə yaxın, hündürlüyü 6 m.-dir. Üstü örtülüdür. Tağtavanlar və günbəzlərlə örtülü, ticarət küçələri sistemindən ibarət bazar kompleksinə tacir sarayları, məscidlər, karvansaralar, mədrəsələr, hamamlar, zorxanalar və yeməkxanalar daxildir. Bazar kompleksinin mərkəz hissəsi Sahibül-Əmir meydanıdır.

  Təbriz bazarı qarışıq bazar deyil: sənə ədviyyat lazımdırsa, bazarın ədviyyat satılan hissəsinə gedirsən, parça-paltar almaq istəyirsənsə, həmin dükana dönürsən, daha bazarı dolana-dolana, axtara-axtara qalmırsan.

  Burada diqqəti daha çox çəkən, məncə, bazarın xalça satılan hissəsidir. Təbrizlilərin daha çox fərş dedikləri, bizim isə sadəcə xalça adlandırdığımız Təbriz xalçalarının bir qədər tarixi barədə məlumat vermək istəyirik.

  Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəblərindən biridir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Sərab, Qaradağ və digər xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türkdilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış və müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər.

  Orta əsrlərdə Təbrizin Şərq və Avropa ölkələri ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olur. Artıq 11-12-ci əsrlərdə çiçəklənmə dövrünü yaşayan Təbriz xalçaçılıq məktəbi 13-14-cü əsrlərdə Təbriz miniatür məktəbinin xüsusiyyətlərini mənimsəyir və 16-17-ci əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatır. Əsas xalça kompozisiyalarına görə 2 qrupa ayrılır: Təbriz və Ərdəbil xalçaları.

  Xalçaların bəzəklərində incə nəbati ornamentlər, həndəsi naxışlar, insan və heyvan fiqurları, bədii xətt növləri (xəttatlıq), gül-çiçək, təbiət mənzərələri və memarlıq abidələrinin təsviri əsas yer tutur. Divar xalçaları xüsusi naxışlarla bəzədilmiş çərçivələrə salınır.

  Təbriz xalçaçılıq məktəbi 2 istiqamətdə inkişaf edib, ornamental və süjetli xalçalar. Ornamental xalçalar mürəkkəb kompozisiyalı ləçəkli nəbati naxışlar, qönçə, gül, yarpaq təsvirlərindən, süjetli xalçalar isə ovçuluq, fəsillər, əsərlərə illüstrasiyalardan ibarət olur.

  Təbriz xalçaları dəyirmi, uzunsov və kvadrat formalarında olur və ayrı-ayrı ölçülərdə toxunur. Toxunulmasında müxtəlif növlü yun, pambıq, ipək, qızıl və gümüş saplardan istifadə olunur. Qeyd edək ki, ipəkdən, qızıl və gümüş saplardan toxunulmuş xalçaların, xalça toxunuşlu pərdələrin və xovsuz xalçaların mərkəzi elə qədimdən Təbriz şəhəri olub.

  Təbriz xalçaları öz rənglərinin şuxluğu və ahəngdarlığına görə dünyada misilsiz şöhrət qazanıb. Xalçaların rəng tərtibatında günəş spektrinin bütün rəng çalarlarından yüksək sənətkarlıqla istifadə olunur. Baxmayaraq ki, Təbrizdə xalça sənətkarları çoxdur və hər gün onlarla xalça toxunur, bununla belə İranda xalçalar, xüsusilə, Təbriz xalçaları heç də ucuz deyil, nə olursa olsun, onların qiymətləri heç zaman düşmür.

  Təbrizin portret xalçaları İran xalçaları adı ilə dünyada 1-ci yeri tutur. Ən böyük dövlətlərin ölkə başçıları öz şəkil-portretlərinin sifarişini yalnız Təbriz sənətkarlarına göndərirlər.        

  Bu xalçaların heç də hamısı hamar üzlü deyil, əşyanın formasından asılı olaraq girintili-çıxıntılıdır, qiyməti də adi, hamar xalçaların qiymətindən fərqlidir. Xalça ustasının dediyinə görə, bu fərq 10-30 dəfə artıq olur.

  Bir metrlik xalçaya, Təbriz ləhcəsiylə desək, bərcəstə vurulmasına isə 2 ay vaxt gedir.

  Adətən insanlar xarici ölkə mallarından istifadəyə görə fəxr edirlər. Amma iranlılar, xüsusilə, təbrizlilər xalçaları ilə qüruru duyduqları üçün evlərində başqa ölkə xalçası çox nadir olar.

“Körpü” verilişi (31-cu), mövzu: Təbriz, qısa tarixi və xalçaları. Yayımlanma tarixi: 06.08.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.



Әlaqәli Xәbәrlәr