Təcrübə keçmək üçün niyə məhz Türkiyə və TRT-ni seçdilər?

Azərbaycanlı tələbələr Aynur Nəbili və Əjdər Hüseynov bu barədə fikirlərini söyləyir

564493
Təcrübə keçmək üçün niyə məhz Türkiyə və TRT-ni seçdilər?

  Gürcüstan İctimaiyyətlə Əlaqələr Universiteti Jurnalistika və Media İdarəçiliyi fakültəsinin 2-ci kurs magistr tələbələri, Azərbaycan vətəndaşları Aynur NəbiliƏjdər Hüseynov bu barədə fikirlərini söyləyir.

Müəllif Sevda Mirzə: TRT-də artıq neçə illərdir ki, bu, ənənə halını alıb: dünyanın hər yerindən olan tələbələr TRT-də təcrübə keçməyə gəlir müəyyən müddətə. Bu sırada Azərbaycan da var bir ölkə olaraq, Gürcüstan da. Siz də təcrübə keçməyə gəlmisiniz TRT-yə. Niyə məhz TRT-ni seçdiniz?

Aynur Nəbili: Biz təcrübə ilə bağlı bir neçə ölkəni düşündük. Yaxınlıq məsələsinə görə fikirləşdik ki, ən rahat çata biləcəyimiz, təcrübəsinə və peşəkarlığına inandığımız yer TRT-dir. Azərbaycanda da, bilirsiniz ki, kifayət qədər TRT izləyiciləri var. Bu barədə fikirləşəndə baxdıq ki, TRT Spor, TRT Çocuk, TRT Haber və TRT-nin müxtəlif bölmələrində təcrübə keçmək imkanımız var, həm radiosunda, həm televiziyasında. Bundan sonra qrup yoldaşım Əjdərlə birlikdə belə qərarlaşdırdıq ki, TRT bizim üçün ən doğru yer ola bilər ki, nəsə öyrənə bilək. Yalnız jurnalistika baxımından deyil, həm də media idarəçiliyi baxımından. Bütün bunlara görə düşündük ki, TRT bizim üçün, qısa müddətli də olsa, yaxşı bir məktəb ola bilər.

Əjdər Hüseynov: Mən də tamamilə eyni fikirdəyəm. Türkiyədə buna yay təcrübəsi deyilir. Hətta gələndə qrup yoldaşlarımız deyirdilər ki, “15 günə nə öyrənə bilərsiniz ki?” Amma TRT-yə gəldikdən sonra təkcə öz öyrənmək istəyin deyil, həm də ətrafdakıların səni öyrətmə istəyini görürsən. Bu da çox pozitiv bir nöqtədir, mənim fikrimcə. Canlı yayın zamanı, prodüsser otağında olduğumuz zaman onlar daim bizə nəsə öyrətmək, nəsə yeni bir şey vermək istəyirdilər. Həqiqətən də həmin “15 gün çox az müddətdir” fikri TRT-də çox rahatlıqla sındırıla bilər. Bu baxımdan qərarımızın doğru olduğunu əminliklə söyləyə bilərik.

Müəllif Sevda Mirzə: Yəni sizi işdən kənarda qoymadılar, birbaşa işin içində oldunuz.

Əjdər Hüseynov: Loru dildə desək, “Bizə ayaq bağı olmayın” da deyilə bilərdi. Amma belə deyil, tamam fərqli oldu. Səsyazma olduğu zaman “Gəlin, səsyazma prosesinə baxın”, “montaj görün” və s. deyirdilər. Bizə maralı idi ki, TRT-nin özünün xüsusi yayım sistemi var ki, e-radio adlanır. Birbaşa onun öyrədilməsindən tutmuş xəbərlərin hazırlanması, tərcüməsi, səhifəyə yerləşdirilməsi, canlı yayımlar, bütün bunlarla günün necə başladığı, necə bitdiyini bilmədik, çünki boş qalmadıq. Bu da kifayət qədər gözəl bir şey oldu ki, bunları 15 günə sığdıra bildik. Əsas məsələ odur ki, öyrənmə və öyrətmə istəyi olsun.

Müəllif Sevda Mirzə: Mən bu yerdə həm dinləyicilərin, həm də tamaşaçıların nəzərinə onu çatdırmaq istəyirəm ki, hal-hazırda bizim oturduğumuz bu studiya TRT veb səhifəsinin - TRT World internet saytının bir hissəsidir. Gəldiniz, gördünüz, burada 41 dildə veb sayt, 37 dildə radio var. Gördünüz ki, Yaponiya, Çin, Avopaya qədər dünyanın hər yerindən burada dillər var.

Əjdər Hüseynov: Elə bunun özü də ayrı bir təcrübə oldu. Xəbər otağına daxil olursan. Çox böyük bir otaqdır. 41 dilin hər birinin öz masası (bölümü) var. Müxtəlif dillərdə olan adamların ortaq bir yerə toplanması, bu insanlar arasında ünsiyyət, bunların hamısı çox fərqli bir təcrübə idi bizimçün. İstər jurnalistika tərəfi olsun, istər insanlar tərəfi olsun, çox şeylər əldə etdik.

Müəllif Sevda Mirzə: Siz Azərbaycanlısınız. Dil eyniliyi olduğu üçün gəldiniz TRT Azərbaycan şöbəsinə, Türkiyə türkcəsində desək, Azərbaycan Masasına. Bizim işiniz, gördüyünüz kimi, tərcümə üzərində qurulub. Türkiyənin TRT, Anadolu Ajans və dövlətə bağlı digər agentliklərinin xəbərlərini tərcümə edirik və səhifəyə yerləşdiririk. Çox zaman Azərbaycandan bura gələn qonaqlar bizə belə deyir: “Siz Türkiyə türkcəsindən Azərbaycan dilinə necə tərcümə edirsiniz? Çox çətindir”. Mən deyirəm: “Biz artıq öyrəşdik”. Doğrusu, mən də əvvəl gələndə çətinlik çəkirdirm. Çünki dil eyni dildir. Biz eyni sözləri işlədirik. Sadəcə yerləri fərqli olur. Mətni qarşınıza qoyanda, sözləri oxuyanda sanki eyni dilin sadəcə şivə tərcüməsini edirik. Siz də bu çətinliklərlə qarşılaşdınızmı?

Aynur Nəbili : Azərbaycan dili ilə Türk dili (Türkiyə türkcəsi) kifayət qədər yaxın dillərdir. Azərbaycan dilində azərbaycanlılar hansısa sözüsə işlədəndə biz bilirik ki, bu söz Türkiyə türkcəsindədir, Azərbaycan ədəbi dilində yoxdur. Amma dillər o qədər yaxındır ki, elə hiss edirsən, bu söz elə Azərbaycan dilinə məxsusdur. Məsələn, çağrı mərkəzi. Türkiyədə işlənir, Azərbaycan ədəbi dilində yoxdur. Türk dilində tərcüməsini heç başa düşmədiyimiz sözlər də olurdu ki, bu zaman peşəkarlara müraciət edir, kömək istəyirdik. Sözləri düzgün qrammatik qaydalara tabe edə, Azərbaycan dilinə uyğunlaşdıra bilirsənsə, elə də böyük problem olmur.

Müəllif Sevda Mirzə: Rus dilindən tərcümə daha asandır, çünki hər bir sözün Azərbaycan dilində qarşılığı vardır. Türkiyə türkcəsində isə anladığımız, amma ədəbi dil qanunlarına uyğun olmayan sözlərin yerinə uyğun olanını, yəni sinonimlərini tapmaq lazım gəlir.  

  Türkiyə və TRT. İkisi birlikdə sizə necə təsir bağışladı?

Aynur Nəbili: Mənim Türkiyəyə ilk gəlişim idi bu, hava limanlarından keçməyi çıxsaq. Türkiyədən, spesifikləşdirsəm, elə Ankaradan başlayım. Ankara ilə Bakını müqayisə edəndə, mühit, ətraf o qədər də fərqli deyil. Amma Bakı mənə görə Ankaradan daha canlı şəhərdir. İnsanlarının xasiyyətləri bənzərdir. Siz marketə, bazara gedəndə Azərbaycanda da, Türkiyədə də gördüyünüz insanlar eynidir sanki. İstiqanlıdırlar. Bir az üz cizgiləri fərqi var. Amma türk kişisinin üzündə o əzmlilik, türk qadınının üzündə o ana simvolu hər iki xalqda eynidir. Buna görə deyə bilmərəm özümü fərqli bir yerdə hiss edirdim.

  TRT-yə gəlincə. Biz Azərbaycanda da bir neçə yerdə təcrübədə olmuşuq, TRT-də. Müqayisə edəndə görürsən ki, TRT-də stajerə - təcrübəçiyə yanaşma daha yaxşı səviyyədədir. Əksər hallarda öyrənməyə getdiyiniz yerlərdə insanlar buna o qədər də fikir vermir. Amma TRT-də hər kəs bizə nəsə öyrətməkdə maraqlı idi. Bizim Azərbaycan Masasında olanlardan texnik işçilərə qədər, Halis bəy, Mahmud bəy, “Məmləkətim FM”dən Dursun bəy və adlarını unutduğumuz insanlardan tutmuş veriliş aparıcılarına qədər hər kəs bizə təcrübələrini ötürürdü kifayət qədər. Bu, insanı daha da iş görməyə həvəsləndirir, öyrənməyə olan marağını artırır. Nəhayət ki, Türkiyədə olduğum 15 gün içində heç də özümü başqa bir yerdə, yəni Azərbaycandan fərqli bir yerdə olan kimi hiss etmədim.

Əjdər Hüseynov: Türkiyənin bundan öncə, bu qədər uzun olmasa da, 1-2 günlüyə müxtəlif şəhərlərində olmuşdum. Amma Ankara və Trabzonun mənim üçün xüsusi yeri var. Həm yaşıllıq, həm sakitliyinə görə bu şəhərlərdə mən özüm daha rahat hiss edirəm.

  Qonşu və qardaş olmağımız, “azərbaycanlıyam” dedikdə bizə istiqanlı yanaşma özümüzü evimizdəki kimi hiss etdirməyə imkan verir. Biz Gürcüstanda təhsil alırıq, orada yaşayırıq. İstiqanlılıq, özünü evində olduğu kimi hiss etmək məsələsinə gəlincə Türkiyə, xüsusən, Ankara və Trabzonda insan həqiqətən özünü evində hiss edir. Gürcüstan da Azərbaycana qonşudur, amma orada bir, iki, üç il də qalsan, həmişə hiss edirsən ki, qonaqsan. Amma Türkiyədə belə deyil. Yolda qalsan, yardım edirlər, bir şeyi bilmirsənsə, yaxşı izah edirlər. Bu, elə TRT-yə də aiddir. Deyirlər, tələbənin öyrənmə eşqi olmalıdır, amma bu da var ki, müəllimin də öyrətmə həvəsi olmalıdır.

Müəllif Sevda Mirzə: Anladığıma görə, sizinçün TRT-də təcrübə çox faydalı olub, həm öyrənmə, həm insanlar baxımından.

Əjdər Hüseynov: Jurnalistika təkcə xəbər deyil, həm də insanlarla ünsiyyət peşəsidir.

  “Türkiyə və Azərbaycan eynidir, ortaqdır” sözləri tam təbiidir. Gəlib gördükdən, burada yaşadıqdan, ünsiyyətdə olduqdan sonra bunu bir az da yəqinləşdirisən.

Müəllif Sevda Mirzə: Bu sözləri sanki isbatladınız Türkiyəyə gəldikdən sonra. TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan şöbəsində oldunuz. Burada azərbaycanlılar çalışır və bunların da hər biri bir yerdəndir. Cənubi Azərbaycandan – Təbrizdən, Xoydan var, İqdırdan var, Azərbaycan Cümhuriyyətindən var. Yəni TRT dünyanın bir neçə yerindən olan Azərbaycanlıları Azərbaycan Masasında bir araya gətirib. Biz də əl-ələ vermişik, Azərbaycan və Türkiyə dostluğu yolunda xidmət göstəririk.

Aynur Nəbili: Bizə təcrübə keçməkdə əsas yardımçılar elə Azərbaycan şöbəsi oldu. Biz buna görə burada çalışan hər kəsə təşəkkürümüzü bildiririk. Bizdən sonra təcrübə keçmək istəyənlərə də TRT-ni məsləhət görəcəyik, çünki burada öyrənməli çox şey var.

            

 

 

                                  

“Körpü” verilişi (35-ci), mövzu:  Təcrübə keçmək üçün niyə məhz Türkiyə və TRT-ni seçdilər? Yayımlanma tarixi: 03.09.2016. 

  “Körpü” hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.

 

 

 



Әlaqәli Xәbәrlәr