Təbriz miniatür məktəbi və Çehəlsütun Sarayı

Çehelsütun sarayının ikinci həyatı - 18 əsrin sonu – 19-cu əsrin əvvəlləri, yəni Qacarlar dövrü ilə bağlıdır. Bunlar Çaldıran və Karnal döyüşləri divar şəkilləridir.

522459
Təbriz miniatür məktəbi və Çehəlsütun Sarayı

Müəllif Sevda Mirzə.

  Çehelsütun sarayının ikinci həyatı - 18 əsrin sonu – 19-cu əsrin əvvəlləri, yəni Qacarlar dövrü ilə bağlıdır. Bunlar Çaldıran və Karnal döyüşləri divar şəkilləridir. Orta böyüklükdə olan bu rəsmlər Qacar dövrünün məşhur yenilikçi rəssamı Sadiq bəy Nəqqaşbaşı tərəfindən yağlı boya ilə işlənilib.

1) Çehelsütun divarına 1823-cü ildə çəkilmiş Qacar dövrünün 1-ci rəsmi 1-ci şah İsmayılın Osmanlı I sultan Səlimə qarşı odlu silah istifadə etmədən vuruşduğu Çaldıran döyüşüdür. Bu savaş 1514-cü il avqustun 23-də Cənub Azərbaycanda Çaldıran düzündə baş vermişdi. Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin Şərqi Anadoludakı geniş ərazilərin itirilməsi ilə nəticələndi. Sultan Səlim üçün isə böyük zəfər sayılan Çaldıran vuruşması əslində Qərb diplomatiyasının ümumi qələbəsi, Türk dünyasının isə ümumi faciəsi idi.

  İsfahanın Şehelsütun Sarayında Çaldıran müharibəsini təsvir edən bu divar rəsmində qızılbaşlar yalnız qılınc, qalxan və oxlarla silahlanıb, Osmanlı ordusu isə odlu silah və artilleriya ilə. Üzərində qızılbaş geyimi olan və ağ atın belində çapan vəziyyətdə təsvir edilmiş başçı isə şah İsmayıldır.  

  Qeyd edək ki, Qacarlar dövrü rəsmi olan bu “Çaldıran döyüşü” rəsmində şah İsmayılın sifəti eynilə sarayın Səfəvi zamanına aid “Mərv savaşı” şəklindəki üzü ilə eynidir. Bu, portretin ordan bura köçürülməsi təsiri bağışlayır. Yəqin ki, “Çaldıran döyüşü” rəsmini çəkərkən Sadiq Nəqqaşbaşı orijinal 1-ci rəsmdəki şah İsmayılın üzündən bir ülgü kimi istifadə edib.

  Maraqlıdır ki, hər iki döyüşün – Mərv və Çaldıran döyüşlərinin bütün sərkərdələri şair idilər, Səfəvilər dövlətinin banisi şah İsmayıl Xətai, Mərv hakimi Məhəmməd Şeybək və Osmanlı sultanı Səlim Yavuz da.   

 2) Çehelsütun Sarayında Karnal döyüşü adlanan 2-ci şəkil isə Nadir şah Əfşarla 1739-40-cı illərdə Dehli yaxınlığındakı Karnal torpağında Hindistan şahı Nəsirəddin Məhəmməd Qurkan arasında olan savaşı və qalibiyyəti əks etdirir. Döyüş Əfşarların Dehlini tutması və bununla da Hindistana sahib olması ilə nəticələnir.

  Rəsmdə Nadir şah Əfşar əlində yay və ox at çapan vəziyyətdə, Məhəmməd xan Qurkan isə fil üzərində təsvir edilib.  

 

  Əgər Səfəvilər zamanı, xüsusən Rza Abbasi Təbrizi məktəbində açıq rənglər üstünlük təşkil edirdisə, Qacarlar dövründə sarı, çəhrayı və qırmızı rənglər tündləşdi.

   Çehelsütun sarayının bütün salonu boyu kiçik miniatürlərin aşağı hissələrində güllərin, quşların və ceyranların rəsmləri görünür. Bunlar Qacar dövründə yenidən işlənsə də, bərpanın xüsusi prinsipləri o qədər də nəzərə alınmayıb. (Ağ suvaqla örtülüb, qat götürüldükdən sonra rəsmlər və yazılar görünməz hala düşüb.)

  17-ci əsrin əvvəllərindən zərrə-zərrə min bir zövqlə qurulan bu sarayın xüsusən Səfəvi dövrünə aid 200 yaşlı bir sıra rəsm və naxışları 33 il Fars əyaləti və İsfahanın vаlisi оlmuş Qacar şаhzаdəsi, Nəsirəddin şаhın оğlu, daha çox Zilli-üs-sultаn ləqəbi ilə tanınan Məsud Mirzənin (1847-1918) hakimiyyəti dövründə dağıdılır.

   Çehelsütun sarayında həyata keçirilən bərpa və möhkəmləndirmə işləri əsaslı şəkildə 1-ci Pəhləvi Rza şahın zamanında (1925-1941) başlanıb. Bu baxımdan 20-ci əsrin əvvəllərində dövrün usta sənətkarı üzə çıxıb və onlar rəsmlər üzərində işləyiblər. Məsələn, Hüseyn Musəvvər ol-Məleki əsas zalın böyük rəsmlərini, Mirzə Ağa İmami və daha sonra Cavad Rüstəm Şirazi miniatürlərini, Cəfər Rəştyan isə əsas tavanını bərpa ediblər.

  1937-ci ildə Çehelsütun sarayı muzeyə çevrildi, əsas bərpa işlərindən sonra isə - 1948-ci ildə rəsmi açılışı oldu. Təəssüf ki, keramik panellərin bir çoxu pərən-pərən düşərək bu gün Qərbin böyük muzeylərinin nadir eksponatlarına çevrilib. Amma bütün bunlarla belə Çehelsütun Sarayı və Muzeyində qorunan tarixi obyektlər Səfəvi-İslam mədəniyyətinin əvəzolunmaz qiymətli memarliq nümunələri, miniatür və qədim portret rəssamlığı inciləridir. Divarların müxtəlif sənət növləri ilə süslənən bu bəzək işləri baxışları oxşadığı kimi həm də insanın ruhuna bir zövq verir. Həm də İranın fars şəhəri İsfahanda Səfəvi sarayı Çehelsütunda biz yalnız və yalnız türkün tarixini gördük. 17-19-cu əsrlər Azərbaycan rəssamlarının fırçalarından canlanan bu divar rəsmlərində biz şah İsmayılı, oğlu şah Təhmasibi, nəvə-nəticələri 1-ci şah Abbas və 2-ci şah Abbası, Nadir şah Əfşarı, eyni zamanda, türksoylu Humayun şahı, Orta Asiyanın Məhəmməd Şeybani, Vəli Məhəmməd, Nadir Məhəmməd kimi digər hökmdarlarını, Osmanlı sultanı Səlim Yavuzu və o dövrlərin tarixi salnamələrini gördük. 

   Beləliklə, İran-İsfahan mədəniyyəti adı ilə tanınan bu misilsiz sənət işləri Təbriz miniatür məktəbindən pöhrələnərək inkişaf edən, dünyaya səs salan, hər gələn nəsli heyrətdə qoyan 17-ci əsr Səfəvi memarlıq örnəklərindən biri olan Çehelsütun sarayı.    

“Körpü” verilişi (14-cü), mövzu: Çehəlsütun Sarayının ikinci həyatı – Qacarlar dövrü, yayımlanma tarixi: 14.04.2016. 

  “Körpü”, hər həftənin şənbə günü TRT “Türkiyənin səsi” radiosu ilə İctimani Radionun ortaq layihəsi “Qorqud Ata” proqramında.

  TRTAzerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi yaza bilərsiniz. 

              



Әlaqәli Xәbәrlәr