Mənə İslamı anlat 19 /2016

Merac gecənin bir vaxtı Hz. Peyğəmbərin Məkkədən Qüdsə, oradan da göylərin mənəvi aləminə çıxması sonra da Uca Allahın hüzuruna qəbul edilməsidir.

494184
Mənə İslamı anlat 19 /2016

Merac gecənin bir vaxtı Hz. Peyğəmbərin Məkkədən Qüdsə, oradan da göylərin mənəvi aləminə çıxması, sonra da Uca Allahın hüzuruna qəbul edilməsidir. Bu hadisəyə Qurani-Kərimdə gecə səyahəti mənasına gələn İsra, hədislərdə isə yüksəlmək və yüksəyə çıxaran vasitə demək olan Merac adı verilib.

Merac hadisəsi Quran və bütün səhih hədis qaynaqlarında vardır. Hadisə belə cərəyan edib: Hz. Məhəmməd peyğəmbərliyinin on birinci ilində, Rəcəb ayının 27-ci gecəsində Uca Allahın dəvəti, Cəbrayıl əleyhi-salamın rəhbərliyilə əvvəl Məkkədə olan Məscidi-Haramdan Qüdsdəki Məscidi-Əqsaya, sonra oradan səmaya, uca aləmlərə və Allahın hüzuruna çıxıb. Müsəlmanlar merac hadisəsinin baş verdiyi gecəni feyz və bərəkətin coşduğu mübarək gecələrdən biri qəbul edir və hər il onu Kandil, yəni Şam gecəsi kimi bayram edirlər.

Bəşər övladının idrakı xaricində qalan Merac hadisəsi Hz. Peyğəmbərin ən böyük möcüzələrindən biridir. Uca Allah sübut və nemətlərinin bir hissəsini ona göstərmək, İslam dinini təbliğ edərkən şərəfli duruşunu davam etdirmək və daha mətin olması üçün bu möcüzəli səfəri peyğəmbərə hədiyyə edib. Uca Allah Quranda bunu belə izah edir: "Ayələrdən bir qisimini göstərsin deyə qulu Məhəmmədi bir gecə Məscidi-Haramdan ətrafını bərəkətləndirdiyimiz Məscidi-Əqsaya aparan Allahın şanı ucadır. Heç şübhəsiz ki, O eşidəndir, görəndir."

İslam qaynaqlarında Merac hadisəsi Hz.Peyğəmbərin müşriklərin təzyiqindən çox kövrəldiyi, ümidsizləndiyi bir dövrdə, İslam təbliğatında ən mühüm iki dəstəkçisi olan həyat yoldaşı Hz.Xədicə və əmisi Əbu Talibin bir-birinin ardınca ölümündən sonra baş verib. Məkkədə nəfəs kəsən bir böhrana düşən Hz. Peyğəmbər Cəbrail tərəfindən bu səfər üçün hazırlanır. Materiya dünyasını tərk etməyə hazırlıq üçün Hz. Peyğəmbərin sinəsi yarılır, zəmzəm suyu ilə yuyulur, hikmət və imanla doldurulur, sonra O, Cəbrayılın rəhbərliyilə möcüzəli səfərə gedir.

Hədislər ayrıntılarına qədər təsvir edildiyinə görə, “Hz. Peyğəmbər əvvəl Qüdsdə olan Beytül Makdis, yəni Məscidi Əqsaya gəlib orada iki rükət namaz qılıb, sonra səmaya yüksəlib”. Quranda yeddi qat olduğu deyilən səmanın hər qatında Məhəmməd Peyğəmbər tövhid ənənəsinin böyük peyğəmbərlərindən biri ilə görüşüb. Bu görüşlər peyğəmbərlərin bir məqsəd daşıdığını, tövhid inancına malik insanların ortaq nöqtədə birləşmələrinin əhəmiyyətinə işarə edir. Səfərin sonunda Hz. Peyğəmbər mənəvi aləmilə Uca Allahın hüzuruna çıxmış, Ondan birbaşa əmrlər almış və mükafatlarla yanından ayrılmışdır.

Merac hadisəsilə bağlı ən çox maraqlanılan hadisələrdən biri Hz.Peyğəmbərin Meracda Allahı görüb-görmədiyidir. Hədislərin birinə görə, səhabələrindən biri olan Əbu Zər Hz.Peyğəmbərdən soruşur: "Rəbbini gördünmü?" Peyğəmbər: "Allah bir nurdur, onu necə görə bilərdim?" deyir. Hz.Peyğəmbərin həyat yoldaşı Hz.Aişə də bu barədə belə deyib: "Kim desə ki, “Məhəmməd Rəbbini gördü”, yalan söyləmişdir. Çünki Allah gözlə görünməz. Amma bütün gözləri görər”.

Məkkədə çox ağır günlər yaşayan Hz.Peyğəmbərə Meracda sahibsiz olmadığı bildirilib. Ətrafında toplanan insanların azlığına baxmayaraq, Allah ona tərəfdar ümmətini böyük izdihamlar halında göstərib, Cənnət və Cəhənnəm başda olmaqla iman həqiqətlərini çatdırıb. Məsələn, Peyğəmbərə cəhənnəmdə gördüyü, misdən dırnaqları ilə üz və cigərlərini cırmaqlayanların qeybət edənlər olduğu deyilib.

Uca Allah Merac ilə şərəfləndirdiyi Peyğəmbərinə bu əsnada bəzi hədiyyələr də verib. Hədislərdə əvvəl 1 gündə 50 olaraq təyin edilən namaz Allah tərəfindən 5 dəfə olaraq təqdir edilib, amma 50 dəfə namaz dəyərində qəbul edilib. Bəqərə surəsinin son iki ayəsində ümmətindən Allaha şəkk etməyən günahkarların bağışlanması müjdəsi verilib.

Hz.Peyğəmbərə daxili dincliyi verən Merac hadisəsi Hz.Əbu Bəkr kimi inananların sadiqlik mövqeyinə çatmalarına vəsilə olub. Möminlərin meracı namaz sayılıb. Müsəlmanlar namazla ruhən Allaha yüksəlməyə çağırılır. Namazda oxunan Tahiyyat Hz.Peyğəmbərin Merac kimi Uca Allahla salamlaşmaını təmsil edir. Müsəlmanlar ixlas və səmimiyyətlə qıldıqları hər namazda oxuduqları Tahiyyâtla Meracı gözlərində canlandırır, təmiz bir qulluğa, Allah qatında yüksək mərtəbəyə çatmağa çalışırlar.


Etiketlәr: #merac namaz

Әlaqәli Xәbәrlәr