Mǝnǝ İslamı anlat 12/2016

İslam dini insan həyatını ikiyə ayırıb: “yaxın həyat” mənasını verən və müvəqqəti olan bu dünya və “sonrakı həyat” mənasını verən və əbədi olan axirət

457560
Mǝnǝ İslamı anlat 12/2016


İslam dini insan həyatını ikiyə ayırıb: “yaxın həyat” mənasını verən və müvəqqəti olan bu dünya və “sonrakı həyat” mənasını verən və əbədi olan axirət. Amma heç biri bir-birindən ayrı deyil, aralarında bir əlaqə və bir tarazlıq var.

Həqiqətlərə gözlərini yuman, dünya həyatından qopuq və dünya və axirətin hazırlıq yeri olduğu gerçəyini qulaq ardına vuran həyat, həyat deyil. Qurani-Kərim İslamın dünya və axirət həyatına baxışını və ikisi arasındakı əlaqəni bir çox ayəsində köklü şəkildə ifadə edib. Ümumi baxıldığı zaman görürük ki, İslam həm materialist yanaşma, həm də dünyanı tərk edən ruhaniliklə birgə tam orta bir yol seçir.

Bir ayədə buyurulur: "Allahın sənə lütf etdiyi bu sərvətlə əbədi axirət yurdunu abad etməyə çalış, amma dünyadan da nəsibini unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də insanlara yaxşıl et.” Yəni axirət səadəti üçün çalışmalı olduğunu bil,eyni zamanda,yaşadığın dünyanı unutma, Allahın verdiyi nemətləri digər insanlarla da paylaş, həyatı da gözəl yaşa.

İslam anlayışına görə, dünya həyatı son dərəcə əhəmiyyətlidir. Çünki əbədi olan axirət həyatının qazanılacağı yer dünyadır.Dünya insanın həyatına görə yaxşı və ya pis olaraq dəyər qazanır. İnsan axirətdə yalnız bu dünyadaykən etdiklərinin qarşılığını alacaq. İnsanın bu dünyada etdiyi zərrə qədər yaxşılıq və pisliyin qarşılığı axirətdə veriləcək. Xalq arasında işlədilən "Dünya axirətin tarlasıdır" hikmətli kəlamı bu həqiqəti tam əks etdirir. Buna görə Cənnət insanın toxumunu bu dünyadaykən əkdiyi bir bağça, Cəhənnəm də atəşini bu dünyadan apardığı bir yanğın yeridir.

İslamın dünya həyatına baxışında önə çıxan digər bir xüsusiyyət dünyanın bir imtahan yeri olmasıdır.Dünya Allaha ibadət etmək üçün yaradılan,insanın yaranma məqsədinə və iradəsinə nə qədər xidmət etdiyini göstərən, əməllərinin ölçüldüyü bir imtahan yeridir.

Quranda yazılır: "Hansınızın daha gözəl iş görəcəyini sınamaq üçün ölümü və həyatı yaradan Allahdır. O, qüdrətlidir, bağışlayandır". İnsanların bu dünyada hər hal və vəziyyəti sınanılır. İman edənlər sərgilədikləri üstün əxlaqla cənnətə yaxınlaşır, inkar edənlər isə küfr və pisliklərilə cəhənnəmə yaxınlaşırlar. Qurani-Kərim və hədislərdüzgün dünya həyatı yaşamayan müsəlmanı qınayır. Allahı zikr etməkdən, yaranma məqsədindən uzaq olub, oyun və əyləncə, sərvət və lovğalıq, aldadıcı və fani əşyalar üçün əldən-ayaqdan gedənlər, imtahanı qazanmayan bir həyat tərzi keçirmiş sayılırlar. Ayələrdə pislənən və qınanan insanlar zənginlik, övlad və s. şəxsi dünya nemətləri ilə öyünənlərdir.

Hz. Peyğəmbər (s.a.v) belə bir dünya həyatının Allah qatında bir ağcaqanad qanadından da dəyərsiz olduğunu deyir. Başqa bir hədisdə Peyğəmbər (s.a.v) dünya və axirət həyatını dənizə qarşı bir damla su ilə müqayisə edib. Əsas hər iki həyata eyni dərəcədə əhəmiyyət verib, dünya və axirət arasında tarazlıq qurmaqdır. Peyğəmbərimiz (s.a.v) bir hədisdə deyir: “Onsuz da təqdir olunan ruzi insanlara mütləq çatacaq. Dünyəvi istəklərdə orta yolu tapmaq lazımdır. Haramlardan uzaq olub halal olanları istifadə edin. Başqa bir hədisdə də isə Allahın elçisi belə deyir: "Dünyaya rəğbət etməyin” demirik. “Halal olan şeyləri özünüzə haram etməyin, amma dünya malını da israf etməyin” deyirik.” Yəni dünya-axirət tarazlığını təmin etməyin yolunu tapın.

Müsəlmana yaraşan, bu dünyaya bağlanıb qalmamaq, əksinə, sonsuz olan axirət həyatı üçün çalışmaq, daim onu düşünməkdir.


Etiketlәr: #dünya axirət

Әlaqәli Xәbәrlәr