Mənə İslamı anlat 11/2016

Quran Allahın bəşəriyyətə göndərdiyi son İlahi Kitabdır və Hz. Məhəmmədin möcüzəsidir Uca Allah insan övladının həyatını təşkil edən təməl əsasları göndərdiyi Kitablarda onlara bildirib

452505
Mənə İslamı anlat 11/2016


Uca Allah insan övladının həyatını təşkil edən təməl əsasları göndərdiyi Kitablarda onlara bildirib. Bu əsaslar insanın dünya və axirət xoşbəxtliyini təmin etməyə istiqamətlidir. Quran Allahın bu məqsədlə bəşəriyyətə göndərdiyi son İlahi Kitabdır və Hz. Məhəmmədin möcüzəsidir.

İslam alimləri Quranı bu şəkildə tərif ediblər: “Quran - Uca Allah tərəfindən vəhy yolu ilə Hz. Məhəmmədə (s.a.v) tədricən (günbəgün) göndərilən, nəsildən nəsilə kəsilməz olaraq nəql edilən, Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə sona çatan, oxunması çox fəzilətli bir ibadət olan, 6.236 ayə və 114 surədən ibarət olan, Allahın kəlamı olan Kitabın adıdır.

Hz. Peyğəmbər (s.a.v) buyurub: "Hər peyğəmbərə mütləq iman edilən möcüzələr verilib. Mənə verilən möcüzə də Allahın mənə vəhy etdiyi Qurandır". Möcüzə olmasının bir sübutu odur ki, endirildiyi gündən etibarən müsəlmanlara dərindən təsir edib.

Quran ərəb ədəbiyyatının zirvədə olduğu bir dövrdə nazil olub. Uca Allah inanmayanlara "Quranın bir tək surəsinin bənzərini gətirin" demiş, amma onlar buna aciz qalmışlar. Bu günə qədər də heç kim Quranın bənzərini yaza bilməyib. Bu, onun möcüzə olmasının nəticəsidir. Uca Allah bu mövzuda son sözü Peyğəmbərə bu ayəsiylə buyurub: "Bütün insanlar və cinlər Qurana oxşar kitab meydana qoymaq üçün toplansalar, bir-birlərinə istədikləri qədər dəstək versələr belə, yenə Onun bənzərini yarada bilməzlər."

Allahın sözü və Kitabı olan Quran fərqli ayələrdə özünü belə tərifləyir: “Sözlərin ən gözəlidir. Müsəlmanların möhkəm sarılacağı Allah ipidir. Qopmaq bilməyən sapsağlam bir qulpdur. Bir şəfa qaynağı, hidayət işığı və rəhmət qapısıdır. İnsanlar üçün öyüd-nəsihət və aydın yoldur." Hz. Peyğəmbər (s.a.v) də bütün bunları təsdiqləyərək "Sözlərin ən doğrusu Allahın kəlamı, rəhbərin ən gözəli isə Məhəmmədin rəhbərliyidir" deyə buyurub.

Hz. Məhəmməd (sav) Quranı iyirmi üç il ayələr və surələr şəklində insanlara təbliğ etmiş, vəhy katiblərinə yazdırmış və əzbərlənməsini istəmişdir. Peyğəmbərin dövründə müxtəlif vəsaitlər üzərinə yazılan ayələr ilk xəlifə Hz. Əbu Bəkirin dövründə toplanaraq kitab halına salınıb, Hz. Osman zamanında isə çoxaldılıb. Hz. Peyğəmbərdən günümüzə qədər yazılı və əzbər yolu ilə gələn Quran müqəddəs mətnlər içərisində Allahdan gəldiyi şəkildə mühafizə edilən yeganə Kitabdır. Bu mövzuda bir ayədə buyurulur: "O Kitabı biz endirdik və Onun qoruyucusu, əlbəttə, bizik".

Quran əvvəlcə insanları Allahı tanımağa və Ona inanmağa çağırır. İslam dininin inanc, ibadət, əxlaq və hüquqla bağlı hökmləri bu Kitabla bildirilib. Quran Allahın birliyindən, sifətlərindən, axirət həyatından, cənnət və cəhənnəmdən xəbər verir. İnsanın ağlına xitab edir, yaradılışı və kainatdakı ahəngi ilə bağlı dərin düşünməyə dəvət edir. İnsan idrakını aşan metafizik ölçünün varlığını xatırladır. Bir ayədə Peyğəmbərə xitabən deyilir: "Ayələri düşünüb dərk etsinlər və ağıl sahibləri ibrət alsın deyə Quran sənə nazil etdiyimiz mübarək bir Kitabdır".

Bundan başqa, öyüd-nəsihət və ibrət olması üçün Quran əvvəlki peyğəmbərlər və millətlərdən də bəhs edir. Doğrunu yanlışdan ayırmağa yardım edir, buna Furqan deyilir. Xatırlatma mənası Zikrdə əks olunur ki, bununla insan bu dünya və axirətini tanıyır. Quran insanın doğulmasından əvvəl və ölümündən sonraya aid mövzuları açıqlayır.

Quranda Allahın möminlərə fərz qıldığı ibadət və əməllərlə haram etdiyi hərəkətlər tez-tez vurğulanır. Quran Allahın birliyi prinsipi əsasında ədalətli və əxlaqlı olmağı davranış qaydası halına gətirə bilib, məsuliyyət şüuruyla hərəkət edən ictimai bir fərd və cəmiyyət qurmağı hədəfləyir. Hz. Peyğəmbər (s.a.v) buna işarə edərək deyib: "Quranı oxuyub onun qaydalarını yerinə gətirən adam şərəfli mələklərlə birlikdədir".

Peyğəmbərimiz (s.a.v) Quran oxuyan müsəlmanı həm qoxusu, həm də dadı gözəl olan bir meyvəyə bənzədib və deyib: "Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir." Bununla ümmətini Quran öyrənməyə sövq edib. Yaddaşında Qurandan heç bir şey olmayan adamı isə yıxıq-sökük bir evə bənzədib. Xülasə, Quran müsəlman üçün bir həyat rəhbəridir.



Әlaqәli Xәbәrlәr