Türkiyədə Təhsil 85 / 2015

Boğaziçi Universitetinin rektoru professor Gülay Barbarosoğlu

334510
Türkiyədə Təhsil   85 / 2015

"Əsla yorulmayan bir insanı məğlub etmək müşküldür".
20-ci əsrin əvvəllərində məşhur beyzbolçu və gənclərə nümunə idmançı Beyb Rusun (Babe Ruth) sözləri ilə başladıq bugünkü “Türkiyədə təhsil” proqramına. Yorulmayan insan qorxmadan öz işini görürsə, bir gün mütləq nəticə verəcəyindən heç şübhəniz olmasın.
Keçən həftə sizi röyalar şəhəri İstanbula apardıq və gözəlliyi dillərə dastan olan bu məkanı, qısaca da olsa, tanımağa çalışdıq. Bu gün isə İstanbulun məşhur Boğaziçi Universitetindən bəhs etmək istəyirik. Bu barədə universitetin rektoru professor Gülay Barbarosoğlu bizə məlumat verir:
" Boğaziçi Universiteti 150-ci illik keçmişi, akademik muxtariyyət və iştirakçı rəhbərlik anlayışlı təməl olan, həyatın hər sahəsində düşüncə azadlığını müdafiə edən ali təhsil ocağıdır. Təhsil və araşdırma performansı ilə dünyanın say-seçmə universitetləri arasında yer alır. Məqsədi hər tələbədən şəxsiyyət yetişdirmək, təhsil və araşdırma mükəmməlliyi ilə tanınmaqdır.
Türkiyənin ən yaxşı tələbələrini azad bir mühitdə bir araya gətirən Boğaziçi Universiteti həm də güclü bir texniki təchizata malikdir. O həm də, özlərini, Türkiyəni və dünyanı daha yaxşı tanımağı təmin edən ictimai bir mühit təklif edir.
Boğaziçi Universiteti elm, iş dünyası, siyasət, sənət, bir sözlə, həyatın hər sahəsində öndə gedən universitetdir. Dünya səviyyəsində tanınan bakalavr və doktorluq diplomları verir.

Boğaziçi Universitetinin 6 şəhərciyi var. Universitetdə 4 fakültə (Pedaqoji fakültə, Dil-ədəbiyyat fakültəsi, İqtisadi və İdarəetmə Elmləri fakültəsi, Mühəndislik fakültəsi), 2 texnikum (Tətbiqi Elmlər Texnikumu, Xarici Dillər Texnikumu), 6 institut (Atatürk Qanunları və İnqilab Tarixi İnstitutu, Tibbi Biologiya Mühəndisliyi İnstitutu, Ekoloji Elmlər İnstitutu, Dil Elmləri İnstitutu, Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu, Sosial Elmlər İnstitutu, Konfutsi İnstitutu), 32 bakalavr, 56 magistr və 32 doktorluq proqramlarından ibarət akademik proqramlar vardır.
Boğaziçi Universiteti tələbələrə ictimai imkanlar təqdim edir. İdman, kino, musiqi, teatr, ədəbiyyat və müasir incəsənətlə bağlı keçirilən tədbirlər universtet həyatına bir canlılıq və hərəkətlilik gətirir.
Universitetin dinamik bədii və mədəni mühiti illər boyu çox qiymətli sənət və mədəniyyət adamlarının yetişməsində mənbə rolunu oynayır. 40-dan çox günbəgün sayı artan tələbə birliklərinin fəaliyyəti nəticəsində sənət və mədəniyyət tədbirləri təşkil olunur. Tələbə klubları on ildən çoxdur ki, başda Güney kampüsü olmaqla universitetin fərqli məkanlarında konsert, tamaşa, film nümayişi və sərgilər təşkil edir.
Mithat Alam Film Mərkəzi, 2014-cü ilin dekabr ayından fəaliyyət göstərən Nazim Hikmət Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi kimi təşkilati işlər görməkdə usta olan qurumlar Boğaziçi Universitetində universitet sərhədlərini aşan, İstanbulun və Türkiyənin mədəni həyatına töhfə olan yığıncaqlar və tədbirlər həyata keçirir.
“Albert Long Hall” salonunda keçirilən klassik musiqi konsertləri İstanbulun musiqi xəritəsində özünəməxsus yer tutur.
Bundan başqa, Türkiyə xaricindən elm, mədəniyyət və sənət adamları da Boğaziçi Universitetinə gəlir, tələbə və müəllimlər ictimaiyyətlə bir araya gəlir, işlərini və düşüncələrini paylaşmaq imkanı tapırlar.”
Boğaziçi Universitetinin rektoru professor Gülay Barbarosoğlunun söylədikləri bunlarla bitmədi, sadacə bizə ayrılan zamanın sonuna gəlib çatdıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr