Türkiyədə Təhsil 45 /2014

Beynəlxalq təhsil hərakatı

190028
Türkiyədə Təhsil 45 /2014

TRT “Türkiyənin Səsi” radiosundan “Türkiyədə təhsil” proqramından hər kəsə salamlar. Beynəlxalq təhsil hərakatı ilə bağlı gəncləri məlumatlandırmaqda davam edirik.
Keçən həftə sizi Konyanın Səlcuq Universitetinə aparmışdıq və siz rektor professor Haqqı Gökbellə olan söhbəti bir hissəsini dinləmişdiniz. Bu dəfə “Səlcuq Universitetinin hal-hazırda hansı ölkələrdən tələbələri var və onlara necə imkanlar yaradılır?” sualı ilə söhbətimizi qaldığımız yerdən davam etdiririk.
Səlcuq Universitetinin rektoru professor Haqqı Gökbel sualımıza cavab verərək bunları dedi:
"Beynəlxalq standartlara cavab verən bir universitet olmaq bizim əsas hədəflərimiz sırasındadır. Bu səbəbdən məzun etdiyimiz yerli tələbələrimizə olduğu kimi xaricdən gələn gənclərə də xüsusi diqqət yetirir və onları dəstəkləyirik. Keyfiyyəti özünə meyar etməklə hər tədris ili yenilənmək Səlcuq Universitetini rəqabətçi bir universitetə çevirib və Avropa Yüksək Təhsil meydanına qatılmağa hazır edib.
Fransa, Almaniya, İsrail, Əfqanıstan, Tailand və Norveç kimi ölkələrin də olduğu 86 ölkədən 1032 xarici tələbəmiz var. Üstəlik, fakültə və texnikumlarımızda 14 xarici vətəndaş personal olaraq çalışır. Erasmus və Mövlana Mübadilə Proqramları və Xarici Əlaqələrlə Ölkə Xaricindən Tələbə Seçmə İmtahanı Koordinatorluğu tələbələrin mübadiləsini aktiv şəkildə təşkil edir. Səlcuq Universitetində, başda Erasmus olmaqla, müxtəlif mübadilə və əməkdaşlıq proqramları vasitəsiylə gələn xarici tələbələr təhsil alır.
Erasmus Evi inşa etmişik. Bunun Türkiyədə ikincisi yoxdur. Binada 96 tələbəni nəzərdə tutan 48 otaq var. Müxtəlif proqramlarla universitetimizə gələn gənclər Erasmus Evində qalır, bizim tələbələr kimi bütün imkanlardan faydalanırlar.
Ümumiyyətlə, xarici tələbələr Konyanı, Səlcuq Universitetini seçsələr, çox şey qazanarlar. Əvvəla, Konya insanlıq tarixinin qədim məskunlaşma yerlərindən biri və Anadolu Səlcuqlarına paytaxtlıq etmiş bir şəhərdir. Tarixi İpək Yolunun mühüm ticarət və yaşayış mərkəzlərindən biridir. Mövlana Cəlaləddin Ruminin doğma eli, sevgi, dostluq və tolerantlıq yurdudur. Bu gün də Konya qədim böyüklüyünü sürdürərək beynəlxalq standartlara cavab verir. Bütün ziyarətçilər kimi xarici gənclərə də qucaq açan bir şəhərdir Konya. Sahib olduğu imkanlarla onlara bacardığı qədər rahatlıq təqdim edir. Konya geosiyasi mövqeyi, yəni paytaxt Ankaraya və digər şəhərlərə yaxın məsafəsi və hər cür nəqliyyatının - quru yolu, dəmiryolu və hava yolu imkanlarının əlverişli olması ilə də şəhərimizin və universitetimizin dəyərini artırır.
Selçuk Universiteti bir çox xarici universitetlə əməkdaşlıq müqavilələri imzalayıb. Növbəti iş birlikləriylə yenə həm universitetin, həm də xaricdən gələn tələbə və müəllimlərin mübadiləsini artırmağı planlaşdırmışıq. Xarici tələbələr Türkiyədə özlərini yabançı hiss etməsinlər deyə əlimizdən gələni edirik. Keyfiyyətli təhsillə yanaşı tələbələrin fiziki inkişafının da qayğısına qalırıq.
Bizim dillərimiz fərqli olsa da, əsas odur hamımız insan övladıyıq. İnsanlıq elmi, humanizm bizimçün başda gəlir. Qonaqpərvərliyimiz də bundan doğur. İstəyirik xarici tələbələr Türkiyəni və Konyanı özlərinin ikinci vətəni görsünlər. Biz tarixi keçmişimizi onlara tanıtdığımız kimi, onların da mədəniyyətlərini öyrənməyə meylliyik. Səlcuq Universitetinin bir parçası olmaq istəyən xarici gənclərə universitetimizin qapıları daim açıqdır.”

Əziz dostlar, bunlar Səlcuq Universitetinin rektoru professor Haqqı Gökbelin sözləri və gənclərə məsləhətləri idi. “Bu günlük bu qədər, bir həftə sonra görüşənədək” deyib sizinlə sağollaşırıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr