Mədəniyyətlər Beşiyi Türkiyə 44 / 2014

Topkapı Sarayı

186161
Mədəniyyətlər Beşiyi Türkiyə  44 / 2014

Keçmişdə Roma və Bizans dövlətinin paytaxtı olmuş İstanbul şəhəri Türklərin buranı fəthindən sonra da əsas siyasət və mədəniyyət mərkəzi idi. Osmanlıların hakimiyyəti dövründə İstanbulda inşa edilən ilk tikililərdən biri Topqapı Sarayıdır. Sonraki illərdə də ona oxşayan sarayların inşaatı davam etdirilib, belə ki, 19-cu əsrdə burda Dolmabahçe Sarayı və Beylerbeyi Sarayı eləcə də günümüzdə bərpa olunan Çırağan Sarayı və digər saraylar inşa olunub.
Boğaziçi bölgəsi mənzərəsi, coğrafi mövqeyi, balıqçı yerləri və turizm obyektləri ilə İstanbulun əsas turizm mərkəzi olmaqla yanaşı hər 2 tərəfində yerləşən saray və villaları ilə turist turları üçün ideal yerdir.
Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth etdikdən sonra Bəyazıtda bir saray inşa etdirib. Bu sarayın kiçik olduğundan o, 15-ci əsrin 2-ci yarısında Topqapı Sarayını inşa etdirib. Bura Sultan Abdülmecidin Dolmabahçe Sarayını inşa etdirməsinə qədər təxminən 380 il dövlətin idarə mərkəzi və Osmanlı padşahlarının rəsmi iqamətgahı olub. Bu günə qədər tikilən saraylar arasında ən qədimi və böyüyü olan Topqapı Sarayı Atatürkün əmri ilə 1924-cü ildən etibarən muzey kimi fəaliyət göstərir. 5 km uzunluğunda divarlarla əhatələnən, 4 həyətli saray Haliç, Boğaziçi və Marmara dənizinə mənzərəsi olan İstanbulun ilk qurulduğu ərazidə, Akropol təpəsində yerləşir.
Sarayın 1-ci həyətinə Bab-ı Hümayun adlanan padşah qapısından keçilir. Burda Çinili qəsr və Arxeologiya Muzeyləri yerləşir. Girişdən sol tərəfdə Bizanslılardan qalma Aya İrini kilsəsi yerləşir. Bab-ü Selam qapısının yanında 2 qüllə var və burdan 2-ci həyətə keçilir. Vəzirlərin yığıncaq yeri olan bu həyətin solundan Qübbəaltı və Ədalət Qülləsinə keçid var.
Yan qapıdan sarayın hərəmxana bölməsinə keçilir. Sarayın 3-cü həyətinə Babüs-Saade adlanan hərəmağalarının qoruduğu Sultana aid həyətdən keçirildi. Saray Universiteti, Taxt otağı, Sultanın xəzinə bölməsi və müqəddəs əmanətlər bölməsi burda yerləşirdi. 4 bölməli xəzinə bölməsində Qaşıqçı almazı, Topqapı xəncəri, qızıl qablar, qızıl və almaz bəzəkli padşah asqıları, taxtlar və digər qiymətli əsərlər saxlanılır.
16-cı əsrdə Misirin fəthindən sonra saraya gətirilən İslam dininə əsərlər Müqəddəs Əmanətlər bölməsində nümayiş olunur. Bölmənin əsas əsərləri Məhəmməd peyğəmbərin qılıncları, yayı və qutuda qorunan geyimidir. Burada peyğəmbərin möhürü, saqqqalının tükləri, məktubları və ayaq izləri eləcə də ilk Quran əlyazmalarından biri, Kəbənin açarları və din xadimlərin qılıncları nümayiş olunur. Bu bölmənin yanında saat kolleksiyası bölməsi yerləşir. Burda 16-19-cu əsrlərə aid divar, masa və cib saatları var. Saatlardan Sultan Abdülməcidin cib saatları və Sultan Əbdüləzizin portret saatı ən gözəl nümunələrdir.
Müqəddəs Əmanətlər bölməsi ilə Xəzinə arasında, muzey rəhbərliyinin işlədiyi binada Sultan portretləri qalereyası yerləşir.
Sarayın 3-cü həyətinin koridorları ilə 4-cü həyətə girilir. Burda IV. Muradın inşa etdirdiyi Revan və Bağdat qəsri yerləşir. 1640-cı ildə Sultan İbrahim bu 2 qəsrin arasında İznik çiniləri ilə bəzədilmiş sünnət otağı inşa etdirib. Həyətin aşağı tərəfində Mustafa Paşanın evi və ən son inşa olunan Mecidiye evi yerləşir.
15-ci əsrdə IV. Muradın Revanı fəth etməsinin şərəfinə inşa olunan ev 8 bucaq planlıdır. Tikilinin qərb tərəfində Lalə bağı yerləşir.
Padşahlar peyğəmbərin geyimini ziyarətdən və bəzi mərasimlərdən sonra, 19-cu əsrin 2-ci yarısında Sultan Abdülməcid tərəfindən inşa etdirilən Mecidiye evində dincəlirdilər.
Topqapı sarayında turistlərin marağını ən çox hərəmxana bölməsi çəkir. Hərəmxana dar, uzun koridorlardan və kiçik həyətlərin ətrafında inşa edilmiş 400 otaqdan ibarətdir. Buradakı əsas bölmələr Validə Sultanın evi, padşah bölməsi və Memar Sinanın inşa etdiyi III Muradın evidir. III Səlim və I Abdülhamidin otaqları və III Osmanın evi Avropalaşma dövrünün ən gözəl nümunələrindəndir. Həyətin ortasında 18-ci əsrdə inşa olunan III Əhməd Kitabxanası yerləşir.
Topqapı Sarayının 2-ci həyətinin sağ tərəfində saray mətbəxləri yerləşir. Burada 2500-ə yaxın Çin və Yaponiya farforları nümayiş edilir. Onların qarşısında Avropa farforları və gümüş kolleksiyası var.
İstanbula gələn hər turist Topqapı sarayını ziyarət edir. Bu saray İstanbulun əsas tarixi əsərlərindən biridir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr