Dünyada iz buraxan Türk böyükləri 37 / 2014

Bugünkü proqramımızda Türk və İslam dünyasının böyük elm adamı, riyaziyyat və astronomiya alimi Əli Quşçu haqqında danışacağıq.

132273
Dünyada iz buraxan Türk böyükləri  37 / 2014

Şərq və Qərb elm dünyasının müstəsna xadimi kimi tanınan Əli Quşçunu Şərq elmləri mütəxəssisi W.Barlhold "15-ci əsrin Ptolomey"i adlandırıb.
Əli Quşçunun doğum yeri Türkistan, indiki Orta Asiya bölgəsidir. Atası Məhəmməd məşhur türk hökmdarı və astronom alimi, Əmir Teymurun nəvəsi Uluq bəyin sarayında ov işlərinə rəhbərlik etdiyindən Quşçu soyadı ilə tanınmışdı.

Əbülqasım Ələddin Əli Quşçunun 15-ci əsrin ilk rübündə Səmərqənddə doğulduğu təxmin edilir. Lakin onun ölüm tarixi dəqiqdir. Çünki nəvəsi, məşhur astronom Mirim Çələbi yazdığı bir əsərində babasının ölüm tarixini qeyd edib, bu miladi ilə 16 dekabr 1474-cü ildir. Məzarı isə İstanbulda Əyub Sultan türbəsindədir.

Əli Quşçu ilk təhsilini Uluq bəyin Xorasan və Mavəraünnəhr hökmdarlığı zamanı alıb. İbtidai təhsili o vaxtın şərtlərinə görə dini idi, amma elə kiçik yaşlarından riyaziyyat və astronomiya ilə maraqlanırdı. Buna görə dövrün böyük alimləri olan Uluq bəy, Bursalı Kadızadə Rumi, Qıyasəddün Cəmşid və Muinəldin Kaşidən dərs alıb. Qeyd edək ki, Qıyasəddin Cəmşid 1421-ci ildə qurulan Səmərqənd Rəsədxanasının ilk, Qadızade Rumi isə 2-ci müdiri olmuşdular.
Əli Quşçu təhsilini yekunlaşdırmaq məqsədiylə müəllimi və hökmdarı Uluq bəydən icazəsiz Kirmana təhsil almağa gedib. Burda "Hali eşkali qəmər", yəni “Ay səhifələrinin açıqlanması” əsərini yazıb. Geri dönüncə onu Uluq bəyə verib. Əli Quşçunun ondan icazə almadan Kirmana getməsi Uluq bəyi hirsləndirsə də, risaləni oxuduqdan sonra şagirdini təqdir edib. Əli Quşçu riyaziyyat və astronomiya sahəsində çox sürətlə irəliləmişdi. Buna görə Uluq bəy onu Kadızadə Ruminin ölümündən sonra Səmərqənd Rəsədxanasının müdiri təyin edib. Amma Uluq bəyin faciəli ölümündən sonra Əli Quşçu Səmərqənddən ayrılıb, Təbrizə Ağqoyunlu sarayına gedib. Uzun Həsən onu böyük ehtiramla qarşılayıb. Az sonra onu Ağqoyunlularla Osmanlılar arasında sülhü təmin etmək məqsədilə Fateh Sultan Mehmetin yanına elçi olaraq göndərib.


Fateh Sultan Mehmet Əli Quşçuya İstanbulda qalmasını və mədrəsədə dərs verməsini təklif edib. Əli Quşçu Təbrizə dönərək elçilik vəzifəsini tamamladıqdan sonra Osmanlı məmləkətinə dönüb. Gələrkən Sultan Mehmet Fatehin tapşırığı ilə sərhəddə rəsmi heyət tərəfindən xüsusi qarşılanma mərasimi ilə çox böyük hörmətlə qəbul edilib. Əli Quşçu 200 qızıl axça maaşla Ayasofyaya müəllim təyin olunub. Burda riyaziyyat və astronomiyadan dərs verməkdən başqa, şahzadə II Mehmetin adına qurulan, ilk Osmanlı universiteti olan Fateh Mədrəsəsinin tədris planını hazırlayıb, İstanbulun eninə və boyuna olan ölçülərini müəyən edib, müxtəlif günəş saatları qurdurub və elmi kitablar yazıb. Onun dərsləri böyük maraq doğurub. Əli Quşçu ətrafına gələcəyin elm adamlarını toplayaraq Hoca Sinan Paşa, Molla Sarı Lütfi və nəvəsi Mirim Çələbi kimi böyük astronomların yetişməsinə səbəb olub.
Əli Quşçunun iki böyük elmi əsərindən birincisi, Fateh Sultan Mehmetə ithaf və təqdim etdiyi 3 hissəli "Fəthiye" astronomiya kitabıdı. Birinci hissədə planetlərin hərəkətlərindən, ikinci hissədə Yerin şəkli və yeddi iqlim qurşağından, üçüncü hissədə Yerlə planetlərin məsafəsindən bəhs edilir. Bu əsər indi də astronomlar üçün bir dərslikdir. Əli Quşçunun digər əhəmiyyətli əsəri yenə Fateh Sultan Mehmetin adına ithaf etdiyi və "Məhəmmədiyyə" adlandırdığı riyaziyyat kitabıdır.
Əli Quşçu ümumtürk dünyası üçün də mühüm bir miras qoyub. O, Osmanlı dilini, yəni Osmanlı Türkcəsini İslam aləmi üçün elm dili edib ki, bununla da fars və ərəb dilləri zamanla elmi dil sayılmaqdan çıxıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr