Novruz bayramı və Azərbaycan milli mətbəx mədəniyyəti

Novruz süfrəsi

 

  Azərbaycan mədəniyyəti olduqca zəngin ənənələrə malikdir. Bu, xalqın tarixinin qədimliyindən, böyüklüyündən irəli gəlir.

  Bayram və mətbəx anlayışları bir-biri ilə sıx şəkildə bağlıdır.

  Bayram xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası inamını özündə yetkin şəkildə birləşdirir. Zəngin mətbəxi olan xalq isə qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici olmur, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir.

  Dünyanın qədim, zəngin mətbəxlərindən olan Azərbaycan mətbəxinin milli ruhumuzu yüksək səviyyədə ifadə etməsi sevindirici haldır.

  Novruz şirniyyatları (qoğal, şəkərbura, paxlava, badambura) mahiyyətcə bayramın ruhundan gələn yenilənməni, yaranışı ifadə edir. Qışdan çıxan zəifləmiş orqanizmə güclü kalorili yeməklər gərək idi. Novruz şirniyyatı bayram mətbəxinin ayrılmaz hissəsi kimi bu funksiyanı indi də gözəl yerinə yetirməkdədir. Novruzda yeyilən səməni halvasının bir başqa dadı var. Səməni yazın, yaşıllığın, əkin-biçinin rəmzidir. Uşaqlığımda buxarıda bişən səməni halvasını yeməyimi gözəl xatırlayıram. Bir neçə proses keçməklə cücərmiş buğdadan hazırlanan səməni halvasının ətri, doyumluğu, qida dəyəri çağımızda daha gərəklidir. Bu cür doğal yeməklər sağlığımızın qorunmasında əvəzsiz yardımçı ola bilər.

  Bütün bunlar onu göstərir ki, mayası düşüncədə, ömürdə yenilənmə olan Novruz xalqımızın ruh yaddaşını bütün çalarlarıyla yaşadır.

  Özündə yetkin, bənzərsiz mətbəx mədəniyyətini yaşadan Novruz bayramı bütün çağlarda Azərbaycan xalqının özünəməxsusluğunu bütün çalarlarıyla əks etdirir.


Etiketlәr: Novruz süfrəsi , Novruz bayramı və Azərbaycan milli mətbəx mədəniyyəti