İsveç kralı ABBA-ya “Vaza” vermək istəyir

Mükafatlandırma mərasimi 2024-cü il mayın 31-də Kral sarayında keçiriləcək

2119445
İsveç kralı ABBA-ya “Vaza” vermək istəyir
ABBA qrupu_2.jpg

 

  İsveç kralı XVI Karl Qustav ABBA qrupunun üzvləri Benni Andersson, Anni-Frida Reys (Linqstad), Byorn Ulveus və Aqnet Feltskoqu son 50 ildə hələ heç kimə verilməyən “Vaza” Cəngavər Ordeni ilə təltif etmək qərarına gəlib. Mükafatlandırma mərasimi 2024-cü il mayın 31-də Kral sarayında keçiriləcək.

  Kral sarayının rəsmi saytında yazılır: “ABBA qrup üzvləri “İsveçə və beynəlxalq aləmə görkəmli töhfələrinə görə” birinci dərəcəli komandor ordeni ilə təltif olunacaqlar”.

  Qeyd edək ki, “Vaza” “Qılınc”, “Şimal ulduzu” və “Serafim” ilə birlikdə İsveçin dörd “Cəngavər ordeni”ndən biridir.

  İsveçdə Cəngavər ordenlərini almaq üçün müraciət edənlər ictimaiyyət arasında nüfuzlu şəxslərdir. Bu təklifləri Kral ofisində xüsusi şura nəzərdən keçirir və hazırlayır. Mükafatın verilməsi qərarını əvvəlcə hökumət dəstəkləməli, daha sonra isə kral bu qərarı imzalamalıdır.

  “Vaza” ordeninin nişanı mərkəzində qırmızı emallı qızıl halqa ilə əhatə olunmuş iki oraqlı qızıl dərz olan ağ emallı Malta xaçından və üzərindəki “Təsisçi Üçüncü Qustav, 1772” yazısından ibarətdir. Ordenin ən mühüm bəzəyi üzərindəki kral tacı nişanıdır.

  Xatırladaq ki, XVI Karl Qustavın hakimiyyətinin başlanğıcı ABBA-nın dünyada populyarlığının artması ilə üst-üstə düşüb. 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində “Waterloo” mahnısı ilə qalib gələn kvartet 1976-cı ilin iyun ayında XVI Karl Qustav və gələcək Kraliça Silviya Zommerlatın toyundan əvvəl televiziya konserti zamanı “Dancing Queen” (Rəqs edən kraliça) mahnısını ifa edib. 2022-ci ilin may ayında isə monarx və həyat yoldaşı Londonda “ABBA Voyage” musiqi şousunun premyerasında olublar.



Әlaqәli Xәbәrlәr