Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının “Piano əsərləri”

Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının “Piano əsərləri” kitabı nəşr edilib. Kitab Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədova tərəfindən tərtib olunub.

2091779
Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının “Piano əsərləri”

 

  Türkiyədə ilk dəfə Azərbaycan bəstəkarlarının “Piano əsərləri” kitabı nəşr edilib. Kitab Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədova tərəfindən tərtib olunub.  

  “Report”un Ankara bürosuna açıqlamasında Türkiyədə Azərbaycan klassiklərinin, bəstəkarlarının əsərlərinin həddinən artıq çox sevildiyi üçün belə bir dərs vəsaitinə ehtiyac duyulduğunu söyləyən Nailə xanım deyib: “Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli başda olmaqla  Azərbaycan bəstəkarlarının əsərləri möhtəşəmdir və onlar qardaş Türkiyədə çox sevilir. 

  Musiqilərimiz qulağa xoş gəlir, ürəkaçandır, çətin olanları belə tələbələr tərəfindən qəbul edilir, asan mənimsənilir. Türkiyədə musiqilərimizin dinləyci auditoriyası böyükdür. Azyaşlı uşaqlar və gənclərlə yanaşı, yaşı 40-dan yuxarı olanların da Azərbaycan musiqilərini fortepianoda çalmaq həvəsləri çoxdur. Ona görə də üç-dörd il əvvəl fikirləşdim ki, bu musiqiləri hazırlayıb tələbələrə dərs vəsaiti olaraq təqdim edim. Çünki mütəmadi olaraq notların surətini çıxarıb tələbələrə paylayırdım. Doğma Türkiyəmizdə bu qədər ehtiyac olduğu halda niyə belə bir tərtibatda musiqi kitabı olmasın ki? “Bizdən də bir xatirə qalsın” deyə düşündüm. 

  Hələlik ilk nəşrimiz azyaşlılar üçün nəzərdə tutulub. Avropa bəstəkarlarından Motsart, Bax, Şubert, Azərbaycandan Üzeyir Hacıbəyli,  Müslüm Maqomayev, Asəf Zeynallı, Qara Qarayev, Musa Mirzəyev, Yevgeniya Perevertaylonun əsərləri yer alır. Azərbaycan bəstəkarlarına kitabda ilk olaraq Üzeyir Hacıbəyovun əsəri ilə yer verdim və sonunu da onun “Yaxşı yol” əsəri ilə bitirdim”.   

  Türkiyədə ilk dəfə piano tələbələri üçün hazırlanan bu dərs vəsaiti musiqisevərlər tərəfindən də olduqca maraqla qarşılanıb. Nailə Əhmədova belə davam edir: “Ümid edirəm ki, müvafiq qurumlar, xeyirsevər azərbaycanlılar bundan sonrakı nəşrlərin daha geniş tərtibatda və tirajda yayılmasına, Azərbaycan musiqişilərinin qardaş Türkiyədə geniş təbliğinə öz dəstəklərini verəcəklər.

  Azərbaycanın Qərb üslubunda operalar yazmış bəstəkarı Qara Qarayevin qızı Züleyxa Bağır Qarayeva,  bəstəkar İlyas Mirzəyev, İstanbulda yaşayan istedadlı fortepiano sənətçisi İslam Manafov, Bakıdakı Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 İllik Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Afaq Rəhimova, tanınmış İtaliyan pianist və musiqi müəllimi Aldo Ragone bu dərsliyin işıq üzü görməsindən çox sevindiklərini dilə gətirdilər. Hamısına çox təşəkkür edirəm. 

  Türkiyə də daxil olmaqla, dünyanın hər yerində erməni bəstəkar Aram Xaçaturyanın piano əsərləri yayılıb. Amma niyə müsəlman-türk və Şərq dünyasının ilk opera bəstəkarı dahi Üzeyir Hacıbəylinin əsərləri çalınmasın, başqa ölkələrə də yayılmasın? Bu baxımdan kitab ingilis və başqa dillərdə də tərtib edilə bilər. Azərbaycan musiqilərini fortpianoda ifa etmək psixoloji baxımdan insana bir rahatlıq verir. Məqsədim də odur ki, Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin böyük səhnələrində zövqlə ifa edilsin, dinləyicilərin əhval-ruhiyyəsini oxşasın, insanların ovqatlarını xoş etsin”.  

  Öz vəsaiti hesabına çıxardığı “Piano əsərləri” musiqi dərsliyində müəllifin özünə məxsus tədris metodu da yer alır.
 Qeyd edək ki, azərbaycanlı fortepiano sənətçisi Nailə Əhmədova peşəkar musiqiçi olaraq 1994-cü ildən Bakıdan Ankaraya dəvət edilib. Hacettepe Universiteti nəzdindəki Dövlət Konservatoriyasında fortepiano dərsləri verib. 2000-ci ildən isə Ankara Opera və Balet Teatrında balet pianoçusu olaraq çalışır. Mütəmadi olaraq öz təşəbbüsü ilə Azərbycan musiqisi və ifaçılarını təbliğ edən rəngarəng proqramlar təqdim edir.



Әlaqәli Xәbәrlәr