Hollandiyada 4000 il yaşlı məbəd üzə çıxarıldı

... 1 milyondan çox əşyanın olduğu xarabalıqlar arasında digər maraqlı tapıntı Mesopotamiyadan gəldiyi düşünülən şüşə muncuqdur

2003718
Hollandiyada 4000 il yaşlı məbəd üzə çıxarıldı

 

  Hollandiyanın Til (Tiel) rayonunda aparılan arxeoloji qazıntılar zamanı 4000 il yaşı olduğu təxmin edilən məbəd üzə çıxarılıb.

  Məbəd İngiltərədəki məşhur Stounhenca (Stounhenge) məbədini xatırladır. Dörd futbol meydançası böyüklüyündə olan və içində 3 qəbiristanlığın olduğu məbədin daş dövrünün sonu və tunc dövrünün əvvəllərində inşa edildiyi müəyyənləşib.

  Məbəd günəş təqvimi, taxta kündələr, qəbiristanlıq və ibadətxanaya gedən yollardan ibarətdir.

  Ən diqqətçəkən tapıntının məbəddəki günəş təqvimi olub. Burada yaşayan insanlar ibadətlərini, biçin vaxtını və digər fəaliyyətlərini bu təqvimə əsasən təyin ediblər.

  1 milyondan çox əşyanın olduğu xarabalıqlar arasında digər maraqlı tapıntı Mesopotamiyadan gəldiyi düşünülən şüşə muncuqdur.

  Hollandiyada tapılan bu ən qədim şüşə muncuq həm də onu göstərir ki, məbəddəkilər o dövrdə təxminən 5 min kilometr uzaqlıqdakı adamlarla təmasda olublar.

  Arxeoloqlar dəfn olunmuş və yandırılmış 80-ə yaxın cəsəd qalıqları aşkar ediblər. Bu mərhumların ayinlərin formalaşmasında mühüm rol oynadığı bildirilir.

  Məbəddən tapılan bəzi əşyalar 23 iyun - 20 oktyabr 2023-cü il tarixləri arasında Tildəki “Streek” muzeyində, məzar qalıqları isə Leidendəki Milli Antik Muzeyində nümayiş etdiriləcək.

 



Әlaqәli Xәbәrlәr