Azərbaycan mətbuatına töhfə

Yaxınlarda “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı Ankarada işıq üzü görən, Türkiyənin paytaxtı Ankarada TRT “Türkiyənin səsi” radiosunun əməkdaşı Sevda Mirzə (Mirzəyeva) sözügedən mövzu ilə bağlı deyib...

1678948
Azərbaycan mətbuatına töhfə

  “Azərbaycan mətbuatında publisistikanın yeni dövrü 1985-ci ildən başlanır. 1985-1997-ci illərin mediası əvvəlki illərin mətbuatından köklü şəkildə fərqlənir”. Bu sözləri yaxınlarda “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı Ankarada Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatında işıq üzü görən, Türkiyənin paytaxtı Ankarada TRT “Türkiyənin səsi” radiosunun əməkdaşı – aparıcı və tərcüməçi Sevda Mirzə (Mirzəyeva) deyib.

  Müəllif sözlərinə belə davam edib: “Bu fərqin əsas səbəbi 1985-ci ilin Aprel Plenumunda keçmiş SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) son Mərkəzi Komitə katibi və Rusiya Federasiyasının ilk prezidenti Mixail Seygeyeviç Qorbaçovun meydana atdığı natamam proqramlı Yenidənqurma siyasəti ilə bağlı idi. Ölkənin həyatında prinsipal şəkildə gerçəkləşən demokratikləşmə və aşkarlıq abu-havası indi hadisələrə, müxtəlif növ əlaqələrə yeni gözlə baxmağı, ictimai inkişafın təkanverici amillərindən olan dialektik ziddiyyətləri sağlam mövqedən qiymətləndirməyi tələb edirdi.

  1985-1997-ci illər Azərbaycan publisistikasının canı siyasi publisistikadır. Bu dövrün publisistikası zamanın reallığını ən düzgün, ört-basdırsız, olduğu kimi, səmimi və səlnamələr şəklində əks etdirərək dövrün mənzərəsini yaradıb. Bu dövrün publisistikasında, başda Birinci Qarabağ Müharibəsi (1988-1994) olmaqla vəziyyətdən doğan güclü vətəndaş mövqeyi və mövzu zənginliyi vardır, hisslər və sözlər həm ağıl, həm emosiya, həm də pafosla ifadə olunur”.

  Müəllif “Azərbaycan mətbuatına kiçik töhfə” adlandırdığı bu kitabla bağlı onu da deyib ki, XX əsrin 90-cı illərində, demək olar ki, Azərbaycanın bütün yazıçı, şair, jurnalist və politoloqları hadisələri təhlil edən yazılarla çıxış edirdilər. Heç kim baş verənlərə laqeyd qala bilmirdi. 1985-1997-ci illər arasında fəal olan jurnalistlərin bir qismi sonralar mətbuatdan uzaqlaşdı, bir qismi siyasi baxışını dəyişdi, yəni müxalif yoldan çəkilib bitərəf, əsasən isə iqtidar yönlü oldular, ayrı-ayrı vəzifələrdə çalışdılar, dövlətçiliyə rəsmi olaraq xidmət etdilərsə də, lazım olan vaxtda lazım olan işin öhdəsindən gəlmişdilər.”

  Qeyd edək ki, dövrün publisistikası yalnız bu monoqrafiyada – magistr diplom müdafiəsi elmi işində yazılanlardan ibarət deyil. O zamanın mənzərəsinin 60-70 faizinə bir baxış, bir təəssürat olan bu kitabda Kütləvi İnformasiya Vasitələrinin (KİV) bütün sahələrində - qəzet, jurnal, radio və televiziyada publisist çıxışları ilə yaddaşlarda dərin izlər buraxan adların kiçik bir hissəsi yer alır. Bu tədqiqat əsəri dövrün publisitikasının ümumi mənzərəsini göz önünə sərir.

  1985-1997-ci illərin ən fəal, ən oxunaqlı və əllərdə gəzən qəzet və jurnalları əsasında işlənən bu monoqrafiya kiçik fəsillərə ayrılır.

  Onu da bildirək ki, “1985-1997-ci illərdə Azərbaycan publisistikasının inkişaf meyilləri” kitabı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu (1991-1997) olmuş Sevda Mirzəyevanın magistr diplom müdafiəsi elmi işidir. Elmi rəhbəri professor və şair Famil Mehdi (1934-2003) olub.



Әlaqәli Xәbәrlәr