"Bəxtiyar Vahabzadə “XX əsrin Nizamisi, Füzulisi”dir”, C.Feyziyev

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyində türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirə günü və Tükiyədə çıxan “Temrin” dərgisinin ona həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib.

1360330
"Bəxtiyar Vahabzadə “XX əsrin Nizamisi, Füzulisi”dir”, C.Feyziyev
Temrin_01.jpg

Türkiyə jurnalında Bəxtiyar Vahabzadə

 

  Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyində türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirə günü və Tükiyədə çıxan “Temrin” dərgisinin ona həsr edilmiş xüsusi buraxılışının təqdimatı keçirilib.

  Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair-esseçi, tərcüməçi Səlim Babullaoğlu açaraq “Temrin” jurnalının Bəxtiyar Vahabzadəyə həsr edilmiş xüsusi sayı haqda məlumat verib. Aparıcı buraxılışın işıq üzü görməsində, hazırlanmasında böyük diqqəti, dəstəyi və əməyi olan insanlara, xüsusən, millət vəkili Cavanşir Feyziyev, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, filologiya elmləri doktoru Elnarə Akimovaya xüsusi təşəkkürünü bildirib. O, eyni zamanda, Azərbaycan Mədəniyyət Nazirliyi və nazir Əbülfəs Qarayevin bu nəşrlərə xüsusi həssaslıqla yanaşdığını da dilə gətirib. Sonra Səlim Babullaoğlu Heydər Əliyevin vaxtilə böyük şair haqqında dediyi fikirləri tədbirdə səsləndirib: “Bəxtiyar Vahabzadə şəxsiyyəti və yaradıcılığı ilə xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. O, hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışdır”.

  Səlim Babullaoğlu qeyd edib ki, “Temrin” jurnalı bundan əvvəl də Azərbaycan ədəbiyyatına yer ayırıb: böyük satirik şair Mirzə Ələkbər Sabir və Xalq yazıçısı Anara həsr edilmiş xüsusi sayları çap olunub. Hal-hazırda Azərbaycan ədəbiyyatının klassikləri - Mirzə Fətəli Axundzadə, Mikayıl Müşfiq və Rəsul Rzaya həsr olunan saylar yenə milət vəkili Cavanşir Feyziyevin birbaşa dəstəyilə nəşrə hazırlanır. Yaxın zamanlarda həmin buraxılışların da təqdimatı gerçəkləşəcək.

  Tədbirdə çıxış üçün ilk söz AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə verilib. O, şairin ədəbi-bədii yaradıcılığının əsas istiqamətləri haqda danışıb və onun poeziyasının müstəqillik uğrunda mübarizəyə xidmət etdiyini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Bəxtiyar Vahabzadə Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılması, sevilməsi, eyni zamanda, Azərbaycanda türk ədəbiyyatının təbliğinə böyük töhfələr verib. “Temrin” jurnalının xüsusi sayının Bəxtiyar Vahabzadəyə həsr edilməsini əlamətdar hadisə hesab edən alim deyib ki, bu işlər Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi üçün əhəmiyyətli körpülərdir.

  Xalq şairi Fikrət Qoca da öz çıxışında Bəxtiyar Vahabzadənin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindəki xidmətlərindən danışıb və jurnalın araya-ərsəyə gəlməsində xidmətləri olan insanlara təşəkkürünü bildirib.

  Millət vəkilləri Nizami Cəfərov, Cavanşir Feyziyev də Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini dilə gətiriblər. N.Cəfərov çıxışında digər türk soylu şairlərin də Vahabzadə haqqında maraqlı sözlərini xatırladaraq söyləyib: “Böyük qazax şairi Oljas Süleymenov deyirdi: “Mən Bəxtiyar Vahabzadənin böyüklüyünü onda gördüm ki, xalq artıq ona Vahabzadə deyil, sadəcə, Bəxtiyar deyirdi, yəni Nizami kimi, Füzuli kimi, Şəhriyar kimi”. Bu fikir mənə çox xoş gəldi. Demək, xalqın təfəkküründə bir şairin obrazı yarananda xalq onun adını dəqiqləşdirir.

  Cavanşir Feyziyev də şairlə olan xatirələrindən danışaraq deyib: “Onun bütün yaradıcılığını əzbər bilən insanlarla rastlaşırdıq. Bəxtiyar müəllim onları özünəməxsus xoş hisslərlə qarşılayırdı… Görkəmli şairimizin yaradıcılığının bir çox məziyyətlərini ümumiləşdirsək, görərik ki, Bəxtiyar Vahabzadə “XX əsrin Nizamisi, Füzulisi”dir”.

  Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Bəxtiyar Vahabzadəylə bağlı maraqlı məqamları xatırladıb, onun dönməz, bütöv xarakterindən, əqidə, məslək sahibi olaraq ziyalı mövqeyi nümayiş etdirməsindən danışıb. Xalq yazıçısı çıxışını bu fikirlərlə yekunlaşdırıb: “Əgər şairin şeirləri onun cismani yoxluğundan sonra da oxunursa, dillər əzbərinə çevrilirsə, demək, o, daim yaşayır. Bəxtiyar Vahabzadə xalqın yaddaşında uzun əsrlər boyu yaşayacaq”.

  “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan diqqəti 1972-ci ildə İsmət Zəki Eyyuboğlunun “Varlıq” dərgisində yayımlanmış “Ölü ədəbiyyat” məqaləsinə yönəldərək deyib: “Bu yazıdan sonra Bəxtiyar Vahabzadə ona “Yel qayadan nə aparar?” adlı cavab məqaləsi yazmışdı. Həmin yazı 1973-cü ildə Azərbaycanda “Ədəbiyyat və incəsənət” qəzetində, daha sonra isə həmin “Varlıq” dərgisində çap olundu. B.Vahabzadənin sözlərilə desək, “Eyyuboğlunun klassik türk ədəbiyyatını “ölü ədəbiyyat” adlandırması klassiklərin ruhunu incitmişdi”. Hər baxımdan Bəxtiyar Vahabzadə yaradıcılığı, sözün əsl mənasında, bir Azərbaycançılıq dərsidir.

  Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, AYB Ədəbiyyat Fondunun direktoru, şair Əjdər Ol, Türkiyə Səfirliyi mədəniyyət şöbəsinin katibi İrfan Çiftçi, BDU-nun professoru Cahangir Məmmədli də böyük Azərbaycan şairi fikirlərini bildiriblər.

  Xalq yazıçısı Anar yekun çıxışında bu məqama da toxunub: “Mən Türkiyəyə ilk dəfə 50 il bundan əvvəl getmişdim və orada kitab mağazalarını gəzdim, bircə Azərbaycan yazıçısının kitabına rast gəlmədim, bu, məni məyus etdi. Başqa ölkələrin beşinci, onuncu dərəcəli yazıçılarının əsərləri var idi, amma bizimkilərin kitabları yox idi. Bununla bağlı məqalə yazdım, Türkiyə mətbuatında da dərc olundu. Ondan sonra vəziyyət müsbətə doğru dəyişdi. Çox şadam ki, müstəqillik illərindən bu günə qədər bizim yazıcı və şairlərimizin əsərləri Türkiyədə çap olunur. Ən çox çap olunan və sevilən şairlərimizin birincisi isə Bəxtiyar Vahabzadədir”.

  Azərbaycanın və türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin ruhu şad olsun!



Әlaqәli Xәbәrlәr