Türkiyədə “Nəsimi ili” açıldı

Tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayev, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun və b. iştirak edirdi.

1158698
Türkiyədə “Nəsimi ili” açıldı

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən martın 6-da Türkiyənin paytaxtı Ankara şəhərində “Nəsimi ili”nin rəsmi açılış tədbiri keçirildi.

  TÜRKSOY-un mərkəzi qərargahında baş tutan tədbirdə  TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayev, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun, Ankarada yerləşən diplomatik korpusların  təmsilçiləri, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, eyni zamanda, hər iki ölkənin digər rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri,  QHT və mətbuat təmsilçiləri iştirak edirdi.

  Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış oldular. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844 və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk əsəri, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nəfis şəkildə buraxılmış iki cildliyi və digər kitablar barədə məlumat verdi.

  Sonra toplantı başladı. Açılış nitqi ilə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kasseinov qonaqları salamladı və bildirdi:

  “Bu gün bizim üçün yenə iki qat bayramdır: həm böyük Nəsiminin 650 illik yübileyini qeyd edirik, həm də dostlarla bir aradayıq.

  TÜRKSOY-un məqsədi türk dünyasının öncüllərini daha yaxından tanımaq və tanıtmaqdır. Böyük mütəfəkkir Nəsimi Azərbaycan ədəbiyyatında xüsusi bir yerə sahibdir. Nəsimi yaradıcılığını İnsan faktörü təşkil edir. 2019-cu ili Nəsimi ili elan etməkdən qürur duyuruq.

  Ümumtürk mədəniyyətinə xidmət edən hər kəsə təşəkkürümü bildirirəm.”

  Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu çıxışına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni anmaqla başladı:

  “Bu gün M.Ə.Rəsulzadənin xatirə günüdür. O deyirdi ki, “Bir dəfə yüksələn bayraq bir daha enməz”. Mən əminəm ki, bu bayraq tezliklə Qarabağda, Molla Pənah Vaqifin qəbri üzərində dalğalanacaq.

  Nəsimi böyük şairdir və türk oğlu türkdür. Onun dühasını öyrənmək mütləqdir”.

  Tədbirdə Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayev də çıxış edərək dedi:

  “2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığımızı bildiririk. Belə tədbirlər uzun müddət uzaq düşmüş türkdilli xalqları bir-birinə yaxınlaşdırır, onların mədəniyyəti, ədəbiyyatı və adət-ənənələrini doğmalaşdırır. Hər dəfə Bakı, Ankara, İstanbul və digər türkdilli ölkələrdə keçirilən belə tədbirlər ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət ənənələrimizin daha sıx inteqrasiyası və qarşılıqlı zənginləşməsinə kömək edir.

  Nəsimi böyük filosof şairdir. Azərbaycan türkcəsində yazıb-yaratdığı üçün şeirləri, divanları bütün Şərq və Orta Asiyada hamının dillər əzbəri olub.

  Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub.

  Azərbaycan mədəniyyətinə, mili mənəvi dəyərlərimizə, o cümlədən Nəsiminin yaradıcılığına böyük önəm verən prezident İlham Əliyev də dahi şairin əsərlərinin ölkəmizdə dəfələrlə yüksək tirajla və nəfis bədii tərtibatla çap olunmasını təmin edib. O, Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi barədə tarixi sərəncamlar imzalayıb.

  Azərbaycan prezidenti ölkəmizdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair hər il onadək belə sərəncam imzalayır və bununla da yubileylər həm ölkə daxili, həm xaricdə geniş qeyd olunur.

  Onu da qeyd edim ki, belə tədbirləri təşkil edən TÜRKSOY artıq türk mədəniyyətinin bir mərkəzinə çevrilib. TÜRKSOY-un bu qərargahı böyük mədəniyyət və incəsənət xəzinəsini birləşdirir”.

  Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun da çıxış edərək Azərbaycan və türkdilli dövlətlər arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən, həmçinin Nəsiminin zəngin yaradıcılığından danışdı.   

  Sonra Mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Xalq artisti fəxri adı ilə təltif olunmuş TRT xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqəsini təqdim etdi.

  Çıxışlardan sonra Nəsiminin həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olundu.

  Tədbirin ikinci panel hissəsində Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen, professor Ahmed Bican Ercilasun Nəsiminin həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış etdilər. Onlar vurğuladılar ki, Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biridir. Təmiz Azərbaycan türkcəsində və çox axıcı dildə gözəl şeirlər yaradıb. Heydər Əliyevin təşəbbüsü ilə Dilçilik İnstitutu Nəsiminin adını daşıyır. Bakıda şairin heykəli ucaldılıb, haqqında mükəmməl bir bədii film çəkilib.

  Türkiyəli professor Ahmed Bican Ercilasun Azərbaycanda çəkilən “Nəsimi” filmindən xüsusi bəhs etdi, aktyorların peşəkar ifalarına heyranlığını dilə gətirdi və hər kəsə bu filmə baxmağı tövsiyyə etdi.

  Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev və türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərindən nümunələr səsləndirdi.

  Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa etdi. Qazaxıstan əsilli aşıq Savbir Guseynov Nəsiminin qəzəllərini sazda oxudu.

  Axşam “Nəsimi ili”nin açılış mərasimi Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konsert proqramı ilə davam etdi.

  Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunan konsertdə də TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış edərək Nəsimi yaradıcılığının dünyada tanınması, şəxsiyyətinin əbədiləşdirilməsi, əsərlərinin kütləvi şəkildə nəşri, həyat və yaradıcılığının elmi araşdırılmasının əhəmiyyətini diqqətə çatdırdılar.

  Bədii hissədə əvvəlcə Azərbaycanın xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT xorunun möhtəşəm ifası oldu.

  Tanınmış aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin sazda çıxışlarından sonra Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini üçlüyün müşayətilə oxudu.

  Konsert proqramı tədbir iştrakçıları tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, bu silsilədən növbəti tədbir martın 7-də İstanbulda, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda təşkil olunacaq.

 

 

 

 

.



Әlaqәli Xәbәrlәr