Azərbaycanın tanınmış tarzəni Həsən Dəmirçi dünyasını dəyişdi

İranda Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin Alinəsəb xəstəxanasında ürək xəstəliyindən vəfat edib.

999514
Azərbaycanın tanınmış tarzəni Həsən Dəmirçi dünyasını dəyişdi

  Azərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, İranda Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin Alinəsəb xəstəxanasında ürək xəstəliyindən vəfat edib, iyunun 25-də Təbrizin Vadi Rəhmət qəbirstanlığında dəfn olunub.

  O, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə alırdı.

  Qeyd edək ki, Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

  Xüsusilə İran Azərbaycanında böyük üsyanın baş qaldırdığı 2006-cı ilin may ayından sonra Həsən Dəmirçi mütəmadi şəkildə İranın təhlükəsizlik qurumlarının təhdid və basqılarına məruz qalırdı. O, dəfələrlə həbs edilmiş və Təbrizdə tədris etdiyi musiqi məktəbi təhlükəsizlik qurumunun göstərişi ilə qapadılmışdı.

  H.Dəmirçi Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub. O, İranda Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən,  “Muğam: öyrəncilər üçün” kitabının müəllifidir.

  Tanınmış tar ustadı İran Azərbaycanından əlavə, Türkiyə və Avropada keçirilən müxtəlif mərasimlərdə, o cümlədən, Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında öz musiqi qrupu ilə birlikdə iştirak edib.



Әlaqәli Xәbәrlәr