Bakıda Türkiyənin Mədəniyyət və Turizm günləri keçirilir

İki günlük tədbirdə Türkiyədən 100-ə qədər tanınmış sənət ustası iştirak edir.

735807
Bakıda Türkiyənin Mədəniyyət və Turizm günləri keçirilir

  Mayın 20-21 tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin Mədəniyyət və Turizm günləri keçirilir. Tədbir “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin Mədəniyət Günləri çərçivəsində baş tutur.

  Səfirliyin Mədəniyyət və Turizm Müşavirliyindən verilən məlumata görə, səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılıb.

  Tədbir iki gün ərzində səhər saat 11-00-dən gecə 12-yədək davam edəcək.

  Proqrama uyğun olaraq gələn tamaşaçılara saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

  Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türkiyə sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa, Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı gələnlərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

 Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

  Bakının Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və Türkiyə yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək.

  Həmçinin tədbir meydanındakı böyük ekranlarda Türkiyənin yeni filmləri nümayiş olunacaq.

  Qeyd edək ki, tədbirin açılış mərasimi mayın 20-si sabah saat 18:00-da başlayacaq. tutacaq.

  Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.



Әlaqәli Xәbәrlәr