Türkiyə və Rusiya: mədəni dialoq

Müxtəlif millətlərdən olan insanları bir araya gətirən bu məkanda slavyan dillərilə yanaşı Türkiyə türkcəsi də tədris edilir, müxtəlif mədəni layihələr gerçəkləşdirilir.

660888
Türkiyə və Rusiya: mədəni dialoq

  Ankarada fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzi - RUKEM müxtəlif millətlərdən olan insanları bir araya gətirən bir məkandır. Burada slavyan dilləri ilə yanaşı Türkiyə türkcəsi də tədris edilir, müxtəlif mədəni layihələr gerçəkləşdirilir.

  Mərkəzin fəaliyyətində yaxından iştirak edən, fəallıq göstərənlər arasında Ankarada yaşayan azərbaycanlılar da çoxdur. RUKEM-in həmtəsisçisi Karina İkayeva-Düzçimen ilə qurumun fəaliyyəti ilə bağlı deyir:RUKEM rəsmi şəkildə ötən il fəaliyyətə başlasa da, daha öncə təhsil, mədəniyyət istiqamətində müəyyən layihələrimiz olub.Beş il əvvəl tərəfdaşım Lyudmila Nosova-Kural ilə mənim ağlıma belə bir ideya gəldi. O, məni əməkdaşlığa dəvət etdi və dedi ki, “Gəl, belə bir mərkəz açaq”. Əlbəttə ki, mən də razılaşdım. Türkiyəyə yeni gəlmişdim, böyük enerjim və iş həvəsim var idi onu harasa tətbiq etmək istəyirdim. Mən yalnız rus və ingilis dillərini bilirəm. Beləliklə, bu mərkəzi açdıq. Üç il çox müvəffəqiyyətlə işləyə bildik. Mərkəzdə rus dili daxil olmaqla digər slavyan dilləri də öyrədilir, rus mədəniyyəti haqqında geniş məlumatlar verilir. Bundan başqa, RUKEM beynəlxalq dərəcəli rus dili sertifikatı vermək hüququna da malikdir. Ciddi məqsədlə rus dili lazım olan insanların hər biri bu sertifikatı almaq istəyir. Bundan sonra biz Türkiyədə müxtəlif tədbirlərdə, o cümlədən əcnəbilər arasında keçirilən rus dili olimpiadasında iştirak etdik və 2014-cü ildə birinci yeri tutduq. Bizim tələbələrimiz rus dili üzrə olimpiadada 3 birinci yerin - qızıl medalın hamısına sahibləndilər. Başa düşdük ki, biz daha irəliyə hərəkət etməliyik. Bunun üçün bütün layihələri nəzərdən keçirdik, bəlli oldu ki, assosiasiya açmalıyıq və bizə dərnək lazımdır. Bununla da rus dili müəllimlərinin iş keyfiyyətini artıra bilərik. Hazırda RUKEM-in tərkibində həm dərnək, həm də assosiasiya fəaliyyət göstərir. Dərnək Türkiyədə slavyan dillərinin ali məktəb, universitet və kurslardakı təhsili və tərcüməçilərin mədəniyyət, sosial, maddi-mənəvi yardımlaşma və həmrəyliklərini təmin etmək məqsədilə qurulub. Hazırda Türkiyədə slavyan dillərinə böyük maraq var. Bu sırada Ankarada yaşayan azərbaycanlılar da böyük fəallıq nümayiş etdirirlər. Davamlı şəkildə kurslarımıza gəlir, layihələrimizə qatılırlar. Məsələn, Ankara Dövlət Opera və Balet Teatrının pianoçusu Nailə Əhmədova bizim tədbirlərimizə gəlir və böyük məmnuniyyətlə ifa edir.”

  Ankarada Yıldırım Bəyazit Universitetində elmlər namizədi işini müdafiə edən tarixçi-jurnalist Mehparə Sultanovanın da RUKEM-lə bağlı fikirləri maraqlıdır: “Azərbaycanda da keçmiş sovet ölkələrində olduğu kimi rus dili dərsləri mükəmməl keçilib. Rus dili çətin dillər sırasındadır. Mən Azərbaycanda rus dili dərsi keçmiş bir adam olsam da, xarici dil danışılmadıqca, söz ehtiyatı unudulmağa başlayır və ünsiyyətdə yubatma, çətinlik yaradır. Ona görə vaxtımdan səmərəli istifadə edib rus dilimi təkmilləşdirmək üçün həftənin müəyyən günlərini bura gəlmək qərarı verdim. Dərslər maraqlı və əyləncəli keçir. Vaxtın necə ötdüyünü hiss etmirsən. Bu dərnəkdə vəkillər, həkimlər və digər peşə sahibləri də rus dilini öyrənir.”

  RUKEM-in həmtəsisçisi Karina İkayeva-Düzçimenin söylədiyinə görə,Bu qurum həm də mədəniyyətlərarası kommunikasiyanın qurulmasına imkan yaradır. Keçmiş SSRİ-nin bütün vətəndaşları burda özlərini tapa bilərlər. Ukrayna, Belarus, Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da bizim mərkəzə gəlir. Təşkil etdiyimiz dəyirmi masalarda Rusiya-Türkiyə əlaqələrini müzakirə edirik, eyni zamanda, hər iki ölkənin bayramlarını qeyd edirik. Yaxın gələcəkdə isə bu ölkələrin mədəniyyət gecəsini keçirmək, musiqisini, incəsənətini, milli mətbəxini təqdim etmək niyyətindəyik.”



Әlaqәli Xәbәrlәr