Yaşlılar üçün turizm

Ankarada Üçüncü Yaş Baharı Turizm Konfransı keçirildi.

618308
Yaşlılar üçün turizm

  Yaxınlarda Ankarada Medikal Turizm Dərnəyinin təşkilatçılığı, Baş Nazirliyin Tanıtma Fondu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti, Hacıtəpə Universitetinin dəstəyilə ənənəvi olaraq IV Beynəlxalq Üçüncü Yaş Baharı Turizm Konfransı keçirildi.

  İki gün davam edən toplantıda Türkiyə dövlət başçısının baş müşaviri Yalçın Topçu, ölkənin bir sıra nazirlik, qeyri-hökumət təşkilatı və qurumlarının nümayəndələri, alimlər və media təmsilçiləri iştirak edirdi.

  Konfransda açılış nitqi ilə çıxış edən Medikal Turizm Dərnəyinin rəhbəru Sinan İbiş bildirdi ki, “Yaşlılar üçün əl-ələ” devizi ilə həyata keçirilən bu layihənin məqsədi Türkiyədə turizmin bu istiqamətdə markalaşması üçün bir maraq yaratmaqdır. Məqsədimiz insanları, turizimçiləri maarifləndirmək, dövlətin isə diqqətini çəkməkdir. Bununla bağlı Türkiyəyə iş adamları gətiririk. Bəzi kəndlər artıq bu istiqamətdə bizimlə çalışmaq istəyir. Yaxınlarda Avropadan yaşlıları Türkiyəyə dəvət edəcəyik. Ölkəmiz xoşbəxt və aktiv həyat üçün eyni anda 5 mövsümü bir arada yaşadan turizm ölkəsidir”.

  Turizm təşkilatlarının bu sahəyə kifayət qədər diqqət göstərmədiklərindən təəssüfləndiyini dilə gətirən S.İbiş turizmdə artıq yeni fikir, yeni yollar və başlıqların olmasına ehtiyac duyulduğunu bildirdi: “Türkiyə turizmdə ancaq quru, dəniz, qum, günəş və şirniyyat ölkəsi kimi başa düşülür. Halbuki dünyada yaşlı turizmi də var. O zaman biz niyə bunu Türkiyəyə gətirməyək? Ölkəmizin inkişafını dəstəkləyərək yola çıxdıq”.

  Sonra Ankara Universitetinin rektoru Erkan İbiş çıxış etdi: “Getdikcə istər dünyada, istərsə də Türkiyədə orta yaş həddi dəyişir. Yaş artdıqca yaddaş azalsa da, müdriklik artır. Mustafa Kamal Atataürk deyir: “Bir ölkənin yaşlılıq proqramı o ölkənin yaşamı deməkdir”. Amma günümüzdə bunun bir də turizm istiqaməti var. Türkiyə turizm baxımından zəngin ölkədir. Ankara universiteti də yaşlılıq mövzusunda bir sıra işlər görməkdədir”.

  Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yayman belə bir toplantını düzənlədiyi və fərqlilik yaratdığı üçün təşkilatçılara minnətdarlığını bildirdi: “Biz inanırıq ki, cənnət ata-analarımızın ayaqları altındadır. Biz onlara hörmət etməliyik. Türkiyə sağlamlıq, idman və mədəniyyət turizmi baxımından işlər görür. İndi də Nazirlik yaşlı turizm sektorunu irəli aparmaq niyyətindədir və inanıram ki, Türkiyə bu istiqamətdə də uğurlu addımlar atacaq”.

  Yalçın Topçu isə çıxışına iştirakçılara Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmaqla başladı. Bu cür fəaliyyətlərin Türkiyədə maraqla qarşılanacağına və tezliklə reallaşacağına ümid etdiyini bildirən. Y.Topçu dedi: “Türkiyə cəmiyyəti yaşlılarımıza hörmət edən bir toplumdur. Təəssüf ki, terror törədib bizi qorxutmaq və ölkəyə gələnlərin qarşısını almaq istəyənlər var. Bu bəlaları aradan qaldırdıqdan sonra ölkəmizin yüksəlişinin qarşısıni heç bir qüvvə ala bilməyəcək.”

  Çıxışlardan sonra “Yaşlılıq və texnoloji rəsm yarışı”nda qalib gələn uşaqlara mükafatlar verildi.

  Tədbir müxtəlif mövzulu panellər və iki tərəfli görüşlərlə (B2B) davam etdi.

 



Әlaqәli Xәbәrlәr