“O həqiqətən Türkiyənin dünyaya açılan pəncərəsi olacaq”, R.T.Ərdoğan

Dünən (15.11.2016) Ankara Cumhurbaşkanlığı İqamətgahında Türkiyənin ilk ingilis dilli beynəlxalq xəbər kanalı TRT World-ün təqdimat mərasimi keçirildi.

611468
“O həqiqətən Türkiyənin dünyaya açılan pəncərəsi olacaq”, R.T.Ərdoğan

Tədbirdə sənət, iş, siyasət, idman və media nümayəndələri iştirak edirdi.

  Əvvəlcə qonaqlara TRT haqqında qısa sənədli film göstərildi. Sonra TRT Baş direktor müavini İbrahim Eren TRT və TRT World-lə bağlı çıxış etdi. Daha sonra Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən 15 iyul axşamı törədilən çevriliş cəhdində TRT World-ün xidmətlərilə bağlı qısa film nümayiş olundu.  

  Mərasimdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da çıxış edərək nitqinə "TRT və TRT World ailəsinə uzun və müvəffəqiyyətli yayım həyatı arzu edirəm” sözlərilə başladı və dedi: “TRT World-ün böyük bir boşluğu dolduracağına inanırıq. Çünki bünövrəsində böyük təcrübə və güc var. O, həqiqətən Türkiyənin dünyaya açılan pəncərəsi olacaq. TRT World yeni bir dillə danışacaq, mikrofon və kamerasından hədəfləri yayacaq, beynəlxalq mediada Türkiyə xəbər missiyasını yerinə yetirəcək… Biz bu kanalın ölkəmizin, millətimizin gerçəklərini ən yaxşı xəbər dili və ən yaxşı televiziya olaraq dünyaya izah etməsini gözləyirik. Kanalın məzlumların gur səsi olmasını görmək istəyirik".

  TRT Baş direktoru Şenol Göka isə çıxışında televiziyanın fəaliyyətindən yığcam bəhs etdi, TRT, o cümlədən TRT World-ün bundan sonrakı strategiyasından danışdı, onu da qeyd etdi ki, “TRT World təkcə ingilis deyil, bir neçə dildə Türkiyəni, insanlarını bütün dünyaya çatdıracaq”.

  Qeyd edək ki, TRT 13 televiziya, 16 radio, 5 jurnal, 41 dil və ləhcədə internet səhifəsi və radio, 13 ölkədə təmsilçilikdən ibarət Türkiyə ictimai teleradio kanalıdır.



Әlaqәli Xәbәrlәr