“Bu damğa hər yerdə Azərbaycan türklərini incidir”, Əli Əsgər Haqdar

İranın müasir tarix araşdırmaçısı və bu günə qədər 42 kitabı nəşr olunmuş təbrizli yazıçı Əli Əsgər Haqdarın Türkiyənin paytaxtı Ankarada “İran Türklərinin Kimlik Rönesansı” ("İran türklərinin Kimlik intibahı") adlı yeni kitabı yayınlayıb

567606
“Bu damğa hər yerdə Azərbaycan türklərini incidir”, Əli Əsgər Haqdar

  "Son Çağ" nəşriyyatı tərəfindən çıxan bu kitab üç əsas hissədən ibarətdir. İlk bölümdə İran və İran türklərinin Hun İmperatorluğundan ta 1924-ci ilə qədər tarixi, ikinci hissədə İranda Azərbaycan türkcəsində dil və ədəbiyyat, üçüncü hissədə İranda türk tayfalarının coğrafi bölgüsündən bəhs edilir.

  Birinci əl mənbələrdən istifadə edilərək yazılan bu kitab birinci dəfə fars dilində çıxıb, yayılıb, sonra Türkiyə türkcəsinə tərcümə edilərək satışa təqdim olunub.  

  “Araznews TV”nin məlumatına görə, kitabın yazıçısı Əli Əsgər Haqdar İran Türklərinin Kimlik Rönesansı  kitabında İranın müxtəlif tarixi dövrlərində türklərin varlığını dəyərləndirməklə yanaşı, türk toplumunun siyasi, mədəni və coğrafi kimlikləri və həmin kimliklər üzərindən assimilyasiyaya məruz qalması araşdırılıb.  

  2014-cü ildə “Human Rights Watch” təşkilatı tərəfindən təsis edilən Helman/Hammett mükafatına da layiq görülmüş Əli Ələsgər Haqdar deyir: “Mənim ixtisasım müasir tarixlə bağlıdır. Baxdım ki, bizdən heç danışmırlar, istər Məşrutə dövrü, istər Pəhləvi, istər İslam Respublikası dövründə türklərlə bağlı. Ona görə bu kitabı yazmağa qərar verdim. Mən əsasən Pəhləvi və İslam Respublikası dövrlərinə toxunmuşam. Sonra dilimiz türkcə (Azərbaycan türkcəsi) haqqında yazmışam. Rönesansı (intibah) daha çox bu yerdə açıqlamışam: yeni ədəbiyyat, romanlar və şeirlər.”

  “İranda türk dilinə vurulan "azəri" damğası hər yerdə biz Azərbaycan türklərini incidir. Bir saxtalaşdırma və təhrifdir”, - deyən təbrizli yazıçı hal-hazırda Azərbaycan Milli Hərəkatının tarixinə dair kitabın üzərində çalışdığını bildirib.



Әlaqәli Xәbәrlәr