Avropada ilk dəfə aşıq-ozan sənətilə bağlı Konfrans

Fransanın Milus (Milhouse) şəhərində bu gün – 26 apreldə Beynəlxalq Şərq Ozanları (və ya aşıq sənəti) və Qərb Truverləri Mədəniyyətlərarası Konfransı başlayıb

478444
Avropada ilk dəfə aşıq-ozan sənətilə bağlı Konfrans

  Fransanın Milus (Milhouse) şəhərində Yuxarı Elzas Universiteti Ədəbiyyat, Dillər və Humanitar Elmlər fakultəsinin Nizami Gəncəvi kafedrası və Avropa Dilləri və Ədəbiyyatı İnstitutu tərəfindən birgə təşkil edilən Beynəlxalq Şərq Ozanları (və ya aşıq sənəti) və Qərb Truverləri Mədəniyyətlərarası Konfransının bu gün açılışı olub.

  Bütün türk dünyasının özünəməxsus qədim ənənələrini daşıyan aşıqlar sazda ifa edən şair-bəstəkardır. Onlar dastan söyləyir, musiqi bəstələyir, bədahətən şeir deyir, rəqs edirlər.

  Azərbaycanda və Türkiyədə (Osmanlıda) aşıq sənəti XV-XVI əsrlərdə çiçəklənib. Azərbaycan ədəbi dilinin inkişafı sayəsində isə XIX əsrdə aşıqlıq ən yüksək zirvəsinə çatib, Təbriz, Urmiya, Şirvan, Gəncəbasar, Göyçə və b. regional məktəblərdə birləşən bir çox yerli ənənələr vüsət alıb. Aralarında fərqlərə baxmayaraq, türk soylu bütün ellərdə bu məktəblərin hamısını birləşdirən ümumi dil, poetik ifadə, musiqi repertuarı və sazdır.

  Aşıq sənətinin qərb folklorundakı qarşılığı trubadur və ya truverlərdir.

  Fransada təşkil edilən Beynəlxalq Şərq Ozanları (və ya aşıq sənəti) və Qərb Truverləri Mədəniyyətlərarası Konfransında dünyanın müxtəlif ölkələrindən gələn, müxtəlif istiqamət və ixtisaslar üzrə (ədəbiyyat, teatr, poeziya, dilçilik, tərcümə, fəlsəfə, musiqi, heykəltəraşlıq və s. sahələrdə) öz töhfələrini vermiş alim və mütəxəssilər iştirak edir. Onlar Avropada ilk dəfə olaraq aşıq sənətinin hüdudlarını, tarixi, coğrafi və etnolinqvistik mənşəyini müəyyən etmək, şərq, qərb, hind, Səfəvi, Osmanlı ənənələri ilə müqayisəli şəkildə tədqiq etmək məqsədilə bir araya gəlib.

  Konfransda əsas diqqət qərb ənənələrinin əksinə olaraq Azərbaycan, Türkiyə, Orta Asiya və digər türk diyarlarında uzunömürlü aşıq sənətinin hələ də yaşaması və bunun səbəbləri nəzərə çatdırılacaq.



Әlaqәli Xәbәrlәr