Hazırda fövqəladə tədbirlərin uzadılması zəruri görünmür

Aİ Komissiyası yüksək enerji qiymətləri ilə bağlı fövqəladə halların nəzərdən keçirilməsi üçün hazırlanmış hesabatı dərc edib və Avropa Şurasına göndərib

1995899
Hazırda fövqəladə tədbirlərin uzadılması zəruri görünmür

 

  Avropa İttifaqı (Aİ) Komissiyası 2022-ci il enerji böhranı ilə əlaqədar həyata keçirilən elektrik enerjisinə tələbatın azaldılması və elektrik enerjisi istehsal edən şirkətlərin gəlirlərinin məhdudlaşdırılması kimi tədbirlərin ləğv ediləcəyini açıqlayıb.

  Aİ Komissiyası yüksək enerji qiymətləri ilə bağlı fövqəladə halların nəzərdən keçirilməsi üçün hazırlanmış hesabatı dərc edib və Avropa Şurasına göndərib. Hesabatda qeyd olunub ki, enerji bazarı üçün elektrik enerjisinə tələbatın azaldılması, enerji istehsalçılarının gəlirlərinə məhdudiyyət qoyulması və elektrik enerjisinin pərakəndə satış qiymətlərinin müəyyən edilməsi kimi qaydalar Avropa enerji bazarlarının rahatlaşmasına töhfə verib, Aİ elektrik enerjisi bazarında təklif və qiymətlər əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə dəyişib. Hazırda fövqəladə tədbirlərin uzadılması zəruri və ya məqsədəuyğun görünmür.

  Hesabatda Aİ Komissiyasının sözügedən enerji böhranı tədbirlərinin uzadılmasını təklif etməyəcəyi bildirilib.

  Elektrik enerjisinin qiymətlərinin artıq meqavat-saat üçün 80 avrodan aşağı düşdüyünü xatırladan hesabatda qeyd olunub ki, 2022-ci ildə müşahidə olunan elektrik enerjisi qiymət artımlarının növbəti qış dövründə baş verməsi ehtimalı azdır.

  Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi və enerji böhranı ilə artan təbii qaz və elektrik qiymətlərinə qarşı Aİ-yə üzv ölkələr bir çox tədbir və dəstək proqramı həyata keçirib.



Әlaqәli Xәbәrlәr