Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanlarına dair videokonfrans keçirilib

YAP-ın və Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanlarına dair videokonfrans keçirilib.

1582399
Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanlarına dair videokonfrans keçirilib

Fevralın 11-də Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birgə təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları” mövzusunda videokonfrans keçirilib.

Azərtacın yaydığı  məlumata görə, əvvəlcə konfransın moderatorları, YAP-ın Türkiyə üzrə koordinatoru, Milli Məclisin deputatı Ramil Həsən və Ədalət və İnkişaf Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Türkiyə parlamentinin üzvü Mehmet Ceylan tədbirin önəmini vurğulayıblar.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, bu gün hər iki ölkənin hakim partiyaları arasında yeni layihəyə start verilir. Bu layihə çərçivəsində hər iki partiya ölkələrimiz arasında münasibətlərə, əməkdaşlığa həsr olunmuş müxtəlif tədbirlər, konfranslar keçirəcək.

Əli Əhmədov qeyd edib ki, 2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında qalan Qarabağ torpağı Azərbaycanın müzəffər Ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, doğma yurdlarından didərgin düşmüş insanlar öz torpaqlarına qayıtmaq imkanı qazandılar. Düşünürəm ki, bu Qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan Qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Möhtəşəm Qələbəmizin digər əsas mühüm amili Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.

O, həmçinin bildirib ki, bu Zəfərin qazanılmasında Azərbaycana böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu da qeyd edilməlidir. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin getdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. “Dünyada iki dövlət tapmaq olmaz ki, onlar arasındakı münasibətlər Türkiyə-Azərbaycan əlaqələri qədər saf, səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlərboyu çox sınaqlardan çıxıb. Çanaqqala döyüşü, Qafqaz İslam ordusunun Azərbaycana yardım etmək üçün ölkəmizə gəlməsi belə nümunələrdən biridir. İkinci Qarabağ savaşı isə bu qardaşlıq münasibətlərini bir daha təsdiq etdi”, - deyə Əli Əhmədov vurğulayıb.

Qeyd edilib ki, Türkiyə işğaldan azad edilən yaşayış məskənlərinin bərpası işində də Azərbaycanın yanında olacaq. YAP Sədrinin müavini Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində iki partiyanın böyük rol oynayacağından əminliyini ifadə edib. O, hər iki ölkənin liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərimiz arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

Videokonfransda qəhrəman Azərbaycan Ordusuna rəğbətini bildirən AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş qeyd edib ki, bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək.

Numan Kurtulmuş deyib ki, Qarabağ zəfəri ilə ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından yeni qapılar açılıb. Bu zəfər dünyanın yeni mərhələyə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır. Ölkələrimiz arasında iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir. Naxçıvan ərazisindən keçəcək yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Geniş birgə istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm amildir.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən danışıb. Bildirib ki, son 15 il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 9 dəfə artıb. Yaxın zamanlarda ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollar həcminə çatdırılması istiqamətində işlər görülür. Müqayisə üçün deyək ki, bu gün Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 20 milyard dollar həcmindədir. “SOCAR Türkiyə” qardaş ölkənin xaricdən enerji asılılığını azaltmaq istiqamətində böyük işlər görür. Türkiyə şirkətləri də Azərbaycanda olduqca fəal iş aparırlar. Bu, qarşılıqlı etimadın növbəti təzahürüdür.

İstanbul Medipol Universitetinin SETA iqtisadi araşdırmalar bölməsinin direktoru Nurullah Gür deyib ki, son iki ildə dünya, eləcə də ölkələrimiz həssas siyasi-iqtisadi dönəmdən keçir. Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Belə ki, ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır. Nurullah Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və pis günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq.

Ədalət və İnkişaf Partiyasının sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala hazırda dünyada yeni düzənin formalaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçıları bu yeni düzəndə hansı siyasi xətt üzrə işlərin görülməsi ilə bağlı bütün dünyaya nümunələr göstərirlər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulamaq lazımdır. Dövlətlərimizin başçıları əldə edilən iqtisadi perspektivlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görürlər.

Sonda Ədalət və İnkişaf Partiyasının Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş və Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov konfransın əhəmiyyətini vurğulayaraq hər iki partiyanın əməkdaşlığının inkişafından məmnunluqlarını ifadə ediblər.

 



Әlaqәli Xәbәrlәr