“Afrikasız gələcək düşünə bilmərik”, C.Meloni

İtaliyanın paytaxtı Romada senat binasında “İtaliya-Afrika: ümumi inkişaf üçün körpü” adlı beynəlxalq sammit öz işinə başlayıb

2094800
“Afrikasız gələcək düşünə bilmərik”, C.Meloni

 

  İtaliyanın baş naziri Corciya (Giorgia) Meloni Afrikasız gələcəyi düşünə bilməyəcəklərini və bu şüurla üzərlərinə düşəni etmək istədiklərini söyləyib.

  İtaliyanın paytaxtı Romada senat binasında “İtaliya-Afrika: ümumi inkişaf üçün körpü” adlı beynəlxalq sammit öz işinə başlayıb.

  Bu il ilk dəfə keçirilən sammitdə 25 Afrika ölkəsinin başçıları və xarici işlər nazirləri, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qurumları, Avropa İttifaqı (Aİ), Afrika İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Enerji Agentliyi  və bir çox beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

  Sammitə ev sahibliyi edən İtaliya Senatının sədri İqnazio la Russa açılış nitqində bildirib ki, İtaliya və Avropa üçün Afrika ilə əlaqələrində yeni səhifə açılıb.

  Baş nazir Meloni İtaliya ilə Afrika arasında bu görüşlərin əvvəllər də həmişə nazirlər səviyyəsində keçirildiyini söyləyərək deyib: "Sammit ilk dəfədir ki, dövlət başçılarsı səviyyəsində keçirilir. Bu, çox diqqətəlayiqdir və İtaliyanın Afrika ilə əlaqələrinə verdiyi əhəmiyyəti göstərir.

  Afrikanın yoxsul qitə olduğu iddiası doğru deyil.

  İtaliya, Avropa və bütün dünya Afrikasız gələcəyi düşünə bilməz. Bizim gələcəyimiz istər-istəməz Afrika qitəsindən asılıdır. Biz bunun fərqində olaraq üzərimizə düşəni etmək istəyirik.

  İtaliya G-7 dövri sədrliyi dövründə Afrika qitəsinin fəxri qonağı olacaq.

  Afrikanın inkişafı bizim prioritet məsələlər arasındadır.

  İtaliyanın Afrikaya yanaşmasında açdığı bu yeni səhifəni xeyriyyəçilik deyil, bərabərhüquqlu dövlətlər arasında əməkdaşlıq kimi düşünmək lazımdır”.

  Sammitdə İtaliya, Avropa və Afrika üçbucağında iqtisadiyyat və infrastruktur, ərzaq təhlükəsizliyi, enerji, investisiya, miqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur.



Әlaqәli Xәbәrlәr