Yaponiyada zəlzələdə ölənlərin sayı 110 nəfərə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

2085075
Yaponiyada zəlzələdə ölənlərin sayı 110 nəfərə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

Səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də qeydə alınan dağıdıcı zəlzələdən əvvəl və sonra ərazidə müxtəlif maqnitudalı bir neçə yeraltı təkanın baş verdiyini bildirib. Yanvarın 6-da isə İsikava prefekturasının zəlzələ ocağına ən yaxın yaşayış bölgəsi olan Noto yarımadasında 5,4 bal gücündə afterşok qeydə alınıb. Agentlik gözlənilən yağışlarla əlaqədar sürüşmə və palçıq axını barədə xəbərdarlıq edib.

Ciddi dağıntıların baş verdiyi təbii fəlakət bölgəsindəki 14 şəhərdə hələ də 24 min evin elektrik, 66 min evin su təchizatında çətinliklər var.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İsikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.



Әlaqәli Xәbәrlәr