“Biz “Nəkbə”nin təkrarlanmasına imkan verməyəcəyik”, M.Abbas

Fələstinin rəsmi agentliyi WAFA-da dərc olunan xəbərə görə ...

2071906
“Biz “Nəkbə”nin təkrarlanmasına imkan verməyəcəyik”, M.Abbas

 

  Fələstin dövlət başçısı Mahmud Abbas 1948-ci ildəki “Nəkbə”nin (Böyük Fəlakət) təkrarlanmasına şəraitdən asılı olmayaraq imkan verməyəcəklərini vurğulayıb.

  Fələstinin rəsmi agentliyi WAFA-da dərc olunan xəbərə görə, M.Abbas Ramallahdakı prezidentlik qərargahında keçirilən Fələstin rəsmi nümayəndələrinin toplantısında çıxış edib.

  Mahmud Abbas Fələstin xalqı ilə birlikdə azadlıq və müstəqillik mübarizəsində qətiyyətlə müqavimət göstərməyə davam etdiklərini bildirərək deyib: “Zülm qarşısında təslim olmayacaq, diz çökməyəcəyik. Nə olursa olsun, nəyin bahasına olursa olsun, 1948-ci il Fələstin Nəkbəsinin təkrarlanmasına imkan verməyəcəyik.

  ABŞ prezidenti Co Baydendən hücumları dayandırmaq üçün İsrailə təzyiq etməsini istəyirik.

  İsrailin Qəzzaya hücumları yenidən başlayıb. İşğal altındakı İordan çayının qərb sahili və Fələstinin paytaxtı Şərqi Qüdsdə də eyni hücumlar davam edir, Fələstin xalqına qarşı soyqırım müharibəsi və təcavüzkar deportasiya planları həyata keçirilir.

  Qəzza zolağındakı vəhşi hücumların əksəriyyəti uşaq və qadın olmaqla 60 mindən çox insanın ölümü, yaralanması və itkisinə səbəb olub. 1 milyon 700 mindən çox adam məcburi köçkün olub, evsiz qalıb.

  İsrail qüvvələri və yəhudi köçkünlər İordan çayının qərb sahilində və Qüdsdə qətl, etnik təmizləmə, hücumlar, həbslər, mühasirələr və infrastrukturun dağıdılması aktlarını davam etdirirlər.

  İsrail hökumətində faşizm son həddə çatıb. Beynəlxalq ictimaiyyət konstruktiv və təsirli bir müdaxiləyə cəhd etməzsə, işlər düzəldilə bilməyəcəyi nöqtəyə çatacaq.

  Ən birinci prioritet - hücumları daimi olaraq dayandırmaq və Qəzzada insanların bütün humanitar ehtiyaclarını təmin etməkdir.

  Qəzza Fələstinin ayrılmaz hissəsidir. Bütün siyasi həll təklifləri paytaxtı Qüds olan Fələstin dövlətinin bütün ərazisini əhatə etməlidir.

  Hərbi həll yolları təhlükəsizlik, sülh və sabitlik gətirmir və gətirməyəcək”.

  Qeyd edək ki, 14 may 1948-ci ildə İsrailin qurulması ilə tarixi Fələstin torpaqlarında məcburi köçə və qırğınlara məruz qalan fələstinlilər həmin günü “böyük fəlakət” mənasını verən “Nəkbə” adlandırırlar.



Әlaqәli Xәbәrlәr