Qəzza zolağında 66 jurnalist öldürüldü

Bunu Fələstinli Jurnalistlərin Həmkarlar İttifaqı bildirib.

2068638
Qəzza zolağında 66 jurnalist öldürüldü

İsrail Qəzzada jurnalistləri də hədəfə alıb. Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 66 jurnalist həyatını itirib.
Fələstinli Jurnalistlərin Həmkarlar İttifaqı İsrailin mühasirəsi altında olan Qəzza zolağına hücumları zamanı həlak olan jurnalistlərlə bağlı məlumat verib.
Məlumatda İsrailin hücumlarında 6-sı qadın olmaqla 66 jurnalistin öldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
Həmkarla İttifaqı beynəlxalq insan haqları təşkilatlarını İsrailin jurnalistlərə qarşı qanun pozuntularını yaxından izləməyə çağırıb.
Fələstinin WAFA xəbər agentliyinin noyabrın 22-də yaydığı xəbərdə İsrailin bombardmanı nəticəsində daha 2 jurnalistin öldüyü, İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumlarında həyatını itirən jurnalistlərin sayının 64-ə çatdığı bildirilib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 229 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və  əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb. 



Әlaqәli Xәbәrlәr