İsrailin Qəzza zolağına hücumları davam edir

İsrail ordusunun blokada altındakı Qəzza zolağının müxtəlif nöqtələrinə gecə boyu təşkil etdiyi hücumda çox sayda fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

2065805
İsrailin Qəzza zolağına hücumları davam edir

İsrail ordusunun blokada altındakı Qəzza zolağının müxtəlif nöqtələrinə gecə boyu təşkil etdiyi hücumda çox sayda fələstinli həyatını itirib, onlarla insan yaralanıb.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, işğalçı təyyarələr Xan Yunusda mülki vətəndaşların olduğu binalara ardıcıl zərbə endirib. Hücum nəticəsində əksəriyyəti uşaq olmaqla 26 fələstinli ölüb, onlarla insan yaralanıb.

Şahidlərin verdiyi məlumata görə, İsrail ordusu şəhərin şimalında yerləşən İndoneziya Xəstəxanası ətrafında həm havadan, həm də qurudan artilleriya atəşi ilə hücum edib.

Cəbəliya qaçqın düşürgəsi və Əl-Megazi qaçqın düşərgəsində yerləşən Böyük Məscid də İsrailin hücumlarının hədəfi olub.

İsrail Qəzzada 1980-ci ildə qurulan və yaşlılara sığınacaq və qayğı göstərən yeganə xəstəxana hesab edilən Vəfa xəstəxanasını bombalayıb.

Hücum zamanı xəstəxana müdiri Mithat Muhaysin həyatını itirib, bəzi həkim və xəstələr isə yaralanıb.

İordan çayının qərb sahilinin Tubas şəhərinə basqın edən İsrail qüvvələrinin açdığı atəş nəticəsində bir fələstinli gənc həyatını itirib, 2 fələstinli isə yaralanıb.

İsrail ordusunun Nablusdakı Balata qaçqınlar düşərgəsindəki Fəth Hərəkatının qərargahına PUA ilə həyata keçirdiyi hava hücumunda 5 fələstinli həyatını itirib, 2 nəfər isə ağır yaralanıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin isə yaralandığı açıqlanıb.

İsrail ordusunun məlumatına görə, oktyabrın 7-dən indiyədək 372 İsrail əsgəri həlak olub, onlardan 51-i Qəzzada, 6-sı isə Livan sərhədində baş verən qarşıdurmalarda həlak olub.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli əsir var.

Qəzza hökumətinin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 5 mini uşaq və 3 min 300 qadın olmaqla 12 mindən çox insan həlak olub.

İşğal altındakı İordan çayının qərb sahili və Qüdsdə də oktyabrın 7-dən bəri İsrail qüvvələri və yəhudi məskunlaşanların hücumları nəticəsində 212 fələstinli həyatını itirib.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bəri sərhəddə baş verən qarşıdurmalarda 76 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.



Әlaqәli Xәbәrlәr