Fələstin İsrailin təklifini rədd edib

Fələstinin Baş naziri Məhəmməd İştiye İsrailin Qəzzanın cənubunda “müvəqqəti qaçqın düşərgələri yaratmaq” təklifini rədd etdiklərini bildirib.

2063927
Fələstin İsrailin təklifini rədd edib

Fələstinin Baş naziri Məhəmməd İştiye İsrailin Qəzzanın cənubunda “müvəqqəti qaçqın düşərgələri yaratmaq” təklifini rədd etdiklərini bildirib.

Baş nazir həftəlik Nazirlər Kabinetinin iclasında verdiyi açıqlamada Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqından Qəzzaya yardımların yalnız "Rəfah" keçid məntəqəsi ilə məhdudlaşmamasını təmin etməyə, humanitar yardım dəhlizləri yaratmağa və şimal tərəfi başda olmaqla bölgəyə yardımların paraşütlə endirilməsinə çağırıb. 

Hücumların dayanması üçün beynəlxalq çərçivədə mübarizə apardıqlarını ifadə edən İştiyə Qəzzanın şimalı başda olmaqla bütün bölgələrə qida və dərman çatdırmaq və Qəzza xalqını xilas etmək üçün əllərindən gələni etdiklərini bildirib.

Didərgin edilən Fələstin xalqının öz evlərinə qayıtmasını istədiklərini ifadə edən İştiye İsrail ordusunun beynəlxalq təşkilatlardan tələb etdiyi Qəzzanın cənubunda “müvəqqəti qaçqın düşərgələri qurmaq” təklifini qəbul etmədiklərini vurğulayıb.

İştiyə "Fələstinin tarixində müvəqqəti deyilən bir şey yoxdur. Təcrübə bizə öyrətdi ki, müvəqqəti olan daimidir" deyib.

İştiyə “Qəzzaya səlahiyyətlərin geri verilməsinə etiraz edən və işğalı uzun müddət davam etdirmək istəyən İsrailin Baş naziri Benyamin Netanyahuya” müraciət edərək deyib:

"İzlədiyi siyasət onların başına fəlakət gətirəcək. Qəzza zolağı 1967-ci ildə işğal olunmuş Fələstin ərazisinin bir hissəsidir. Oradakı xalqımıza kömək etmək üçün heç kimdən icazə almağa ehtiyacımız yoxdur".

İştiye bəzi ölkələrin hələ də İsrailin özünümüdafiə etmək hüququndan danışmasından təəssüfləndiyini bildirib:

"Hücum edənin özünümüdafiə hüququ yoxdur. İsrailə silah yardımı edən fələstinli uşaqların, qadınların və günahsızların qanının axıdılmasında şərikdir".

Fələstin baş naziri həmçinin Şəfa xəstəxanasında yaralı və xəstə insanların olduğunu, səbəblərindən asılı olmayaraq xəstəxanaların bombalanması, elektrik enerjisinin kəsilməsi və yanacağın ölkəyə girişinin qarşısının alınmasının beynəlxalq insan haqları qanunlarına görə müharibə cinayəti sayıldığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr