ÜST: "Fələstin ərazisindəki sağlamlıq mərkəzlərinə 218 hücumu təsdiqlədik"

Gebreyesus oktyabrın 7-dən bəri işğal altındakı Fələstin torpaqlarında sağlamlıq mərkəzlərinə 218 hücum edildiyini təsdiqlədiklərini qeyd edib.

2059767
ÜST: "Fələstin ərazisindəki sağlamlıq mərkəzlərinə 218 hücumu təsdiqlədik"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus oktyabrın 7-dən bəri işğal altındakı Fələstin torpaqlarında sağlamlıq mərkəzlərinə 218 hücum edildiyini təsdiqlədiklərini qeyd edib.

ÜST-nin həftəlik mətbuat konfransında danışan Gebreyesus İsrail ilə Fələstin arasında oktyabrın 7-də başlayan qarşıdurmalar nəticəsində 8 min 500-dən çoxu Qəzzada, 1400-ü İsraildə 10 mindən çox insanın həyatını itirdiyini bildirib.

Gebreyesus "Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə didərgin düşüb. Qəzzada vəziyyət sözlə ifadə edilə bilməz. Xəstəxanalar dəhlizlərdə yatan yaralılarla, meyitxanalar dolub-daşır. Həkimlər anesteziyasız əməliyyatlar edirlər" deyib.

ÜST-nin indiyədək səhiyyə xidmətlərinə 237 hücumu təsdiqlədiyini qeyd edən Gebreyesus, bunlardan 218-nin işğal olunmuş Fələstin torpaqlarında, 19-nun isə İsraildə baş verdiyini bildirib:

"Səhiyyə xidmətlərinə hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Qəzza zolağında 36 xəstəxanadan 14-ü işlək vəziyyətdə deyil. Xəstəxanaların funksionallığına qida çatışmazlığı, təmiz su və generatorlar üçün yanacağın olmaması təsir edir. Səhiyyə sahəsində ehtiyacı artdıqca bu ehtiyacları ödəmək imkanımız azalır”.

İsrailin Qəzzada 23 xəstəxananın boşaldılmasını tələb etdiyini xatırladan Gebreyesus xəstəxanaların bu şərtlər daxilində məcburi boşaldılmasının yüzlərlə xəstənin həyatını riskə atacağını vurğulayıb.

Baş katib ÜST-nin son 2 həftədə Qəzzaya 54 ton humanitar yardım çatdırdığını, lakin bunun ehtiyacları ödəməkdən uzaq olduğunu bildirib.

Oktyabrın 7-dən əvvəl gündəlik olaraq əsas ehtiyacları daşıyan təxminən 500 yük maşınının Qəzzaya daxil olduğunu xatırladan Gebreyesus, 7 oktyabrdan bu yana Qəzzaya cəmi 217 yük maşınının çatdırıldığını qeyd edib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin fələstinlilərə və başda Əqsa məscidi olmaqla onların müqəddəs məkanlarına qarşı pozuntulara reaksiya vermək üçün  hərtərəfli hücuma keçib. İsrail ordusu da buna cavab olaraq Qəzza zolağına ağır zərbələr endirməyə başlayıb.



Әlaqәli Xәbәrlәr