BMT Qəzza ilə bağlı hesabat paylaşdı

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Birləşmiş Ştatların Nyu-York şəhərində BMT-nin baş qərargahında fələstinli uşaqlarla bağlı baş assambleyaya təqdim etdiyi hesabatda yazılır ...

2056122
BMT Qəzza ilə bağlı hesabat paylaşdı

 

  Birləşmiş Millətlər Təşkilatı oktyabrın 7-dən bəri İsrailin bombardmanları altında Qəzzada həyatını itirənlərin 40 faizinin uşaq olduğunu bildirib.

  BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Birləşmiş Ştatların Nyu-York şəhərində BMT-nin baş qərargahında fələstinli uşaqlarla bağlı baş assambleyaya təqdim etdiyi hesabatda yazılır: "İsrail qüvvələrinin Qəzzanı davamlı bombalaması artıq 5700 nəfərin ölümünə səbəb olub ki, bu rəqəm İsrailin itkilərindən 5 dəfə çoxdur. Həlak olanların 40 faizi uşaqlardır. Nələr olduğunu anlayırıqmı? 15 min nəfər də ağır yaralıdır.  

  İsrailin Qəzza xalqına qarşı qəzəbdən qaynaqlanan zorakılığı qəbuledilməzdir. Bölgədəki bütün fələstinliləri "Həmas” və başqalarının etdiklərinə görə cəzalandırmaq qanunsuzluqdur.

  Mənim hesabatım İsrail mühacirlərinin müstəmləkə işğalı etdiyi Fələstin ərazilərindəki uşaqlara nəsillər boyu təsirinə, onların təhlükəsizlik və ləyaqətlə yaşamaq hüquqlarından nələrin qaldığına yönəlib.

  2008-ci ildən oktyabrın 7-nə qədər İsrailin hücumları nəticəsində 1534 fələstinli uşaq həyatını itirib, 32 min 175 uşaq yaralanıb. Eyni dövrdə əks hücumlarda yalnız 25 israilli uşaq ölüb, 524-ü yaralanıb.

  2000-ci ildən bəri 13 min fələstinli uşaq İsrail qüvvələri tərəfindən həbs edilib, sorğu-suala tutulub və vəhşicəsinə döyülüb.

  Digər tərəfdən, İsrailin bombaladığı blokada altındakı Qəzza zolağında əhalinin 70 faizi köçkün düşüb”.

  Qəzza hökumətinin mətbuat katibi Selame Marufun verdiyi məlumatlarda Qəzza zolağında 1 milyon 400 min adamın evlərini tərk edərək sığınacaq mərkəzlərinə köçdüklərini bildirib: “İsrailin hücumları nəticəsində didərgin düşənlər bölgə əhalisinin 70 faizini təşkil edir və bu insanlar ağır humanitar şəraitdə yaşayır. Köçkünlər məktəblər, kilsələr, xəstəxanalar və sağlamlıq mərkəzlərindən ibarət 223 sığınacaq mərkəzinə səpələnib. Bu sığınacaqlarda fələstinlilər ən elementar ehtiyaclarından belə məhrum qalıblar”.



Әlaqәli Xәbәrlәr