İsrail ilə Fələstin arasındakı qarşıdurmalara göstərilən reaksiyalar

Tunis prezidenti Kays Səid bildirib ki, fələstinlilər bütün hüquqlarını bərpa edənə qədər onlara dəstək verməyə davam edəcəklər.

2048864
İsrail ilə Fələstin arasındakı qarşıdurmalara göstərilən reaksiyalar

Tunis prezidenti Kays Səid bildirib ki, fələstinlilər bütün hüquqlarını bərpa edənə qədər onlara dəstək verməyə davam edəcəklər.

Prezident Səid Baş nazir Əhməd Haşşani və bəzi hökumət üzvləri ilə görüşüb.

Gündəmə münasibət bildirən prezident deyib:

“Bu gün görüşməyimizin səbəbi Fələstinə kömək etmək imkanlarımızı qiymətləndirməkdir. İndi danışmaq vaxtı deyil, Fələstinə real yardım göstərilməlidir. Fələstinin azad edilməsi prosesində olan fələstinli qardaşlarımızla həmrəy olmalıyıq. Bizim dəstəyimiz fələstinlilər bütün hüquqlarını bərpa edənə qədər davam edəcək”. 

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada verdiyi açıqlamada rusların fələstinlilərlə köklü tarixi bağlara malik olduğunu və təmasların davam etdiyini bildirib.

Peskov "Amma bizim İsrail dövləti ilə də münasibətlərimiz var. Bu dövlətlə bizim ümumi cəhətlərimiz çoxdur, hər şeydən əvvəl bizi bu dövlətdə yaşayan çoxlu sayda vətəndaş birləşdirir" deyib.

Peskov vurğulayıb ki, bu səbəblərə görə Rusiya münaqişənin hər iki tərəfi ilə əlaqələrini davam etdirir.

Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvarul Hak Kakar da Orta Şərqdə sülhün bərqərar olması üçün Fələstin probleminin bu ölkə xalqının istəkləri istiqamətində həllinin qaçılmaz olduğunu bildirib.

Pakistan dövlət televiziyasına (PTV) açıqlama verən Kakar İslamabadın Fələstin məsələsində çox dəqiq mövqe tutduğunu və ölkəsinin Fələstin xalqının istəkləri istiqamətində iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayıb.

Digər tərəfdən, İngiltərənin paytaxtı Londonda İsrailin fələstinlilərə qarşı siyasətləri, Qəzzanı blokadaya alması və Qəzzaya hücumları etiraz edilib.

Fələstin Həmrəylik Kampaniyası, Əl-Əqsa Dostları Platforması, İngiltərə Fələstin Forumu, İngiltərə Müsəlman Liqası və Müharibəni Dayandır Koalisiyasının çağırışı ilə minlərlə insan Londondakı İsrail səfirliyi qarşısına toplaşıb.

Qəzza və Fələstinlə həmrəylik nümayiş etdirmək istəyən nümayişçilər "Ədalət, hərəkət, boykot, sanksiyalar istəyirik", "Fələstin İordan çayından Aralıq dənizinə qədər azad olacaq" və "Azad Fələstin" kimi şüarlar səsləndiriblər.

Yunanıstanın paytaxtı Afinada İsrail səfirliyi qarşısında da Fələstinə dəstək nümayişi keçirilib.

İsrailin Afinadakı səfirliyi qarşısına toplaşan izdiham “Fələstin müqavimətinə dəstək” mesajı verib.

İspaniya baş nazirinin müavini Yolanda Diaz isə bildirib ki, İsrail və Fələstin arasında münaqişələr davam edərkən, Avropa İttifaqı (Aİ) fələstinlilərə inkişaf yardımını dondurub və “Bu qərar Avropanın təsisçi prinsiplərinə xəyanətdir” sözləri ilə reaksiya verib.

Şotlandiyanın regional Baş naziri Həmzə Yusuf, fələstinli həyat yoldaşı Nadia Əl-Naklanın anası və atasının Qəzzada qapalı vəziyyətdə qaldığını bildirib.

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin (NSW) paytaxtı Sidneydəki Opera Evinin İsrail bayrağının rəngləri ilə işıqlandırılması qərarına etiraz edilib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində İsrailin Baş Konsulluğu qarşısında Fələstinə və İsrailə dəstək nümayişləri keçirilib. Manhettenin 2-ci küçəsində yerləşən Baş Konsulluq binası qarşısına toplaşan yüzlərlə insan əllərində Fələstin və İsrail bayraqları və pankartlarla dəstək yürüşünə qatılıb. Nyu-York polisi (NYPD) qrupları nümayişlər zamanı ciddi təhlükəsizlik tədbirləri görüb.

Fransanın paytaxtı Parisdə isə İsrailə dəstək üçün nümayiş yürüşü keçirilib. Nümayişdə keçmiş prezidentlər Nikolas Sarkozy və həyat yoldaşı Karla Bruni də iştirak ediblər.

Kanadanın Toronto şəhərinin Şimali York rayonunda da İsrailə dəstək nümayişi keçirilib. Polis yürüş boyu təhlükəsizlik tədbirləri görüb. Fələstin tərəfdarları şəhərin Natan Fillips meydanında nümayiş keçirib. Nümayişçilər əllərində bayraqlar və pankartlar tutub, şüarlar səsləndiriblər.

Argentinanın paytaxtı Buenos-Ayresdə də İsrailə dəstək məqsədilə nümayiş yürüşü keçirilib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.



Әlaqәli Xәbәrlәr