Korsikadakı hücumların məsuliyyətini FLNC öz boynuna götürdü

Cəbhənin bəyanatında iri çapla “Fransa ilə ortaq taleyimiz yoxdur” və “Fransa kənarda” ifadələri yer alıb

2048406
Korsikadakı hücumların məsuliyyətini FLNC öz boynuna götürdü

 

  Fransanın dəniz xarici toprağı Korsika adasında müxtəlif şəhərlərdə edilən 20-yə qədər hücuma görə məsuliyyəti müstəqillik tərəfdarı olan Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) öz üzərinə götürdü. Cəbhənin bəyanatında iri çapla “Fransa ilə ortaq taleyimiz yoxdur” və “Fransa kənarda” ifadələri yer alıb.

  Oktyabrın 8-də yerli vaxtla saat 22.30 radələrində Korsika adasındakı Viko, Tavako, Alata və Bastelicaccia şəhərlərindəki yaşayış məntəqələrində təxminən 20 bombalı hücum həyata keçirilib.

  Hadisə yerinə gələn bomba zərərsizləşdirmə qrupları bir sıra ərazilərdə qaz balonları da aşkar edib.

  Təhlükəsizlik qüvvələri bir neçə hücum cəhdinin qarşısını alıb.

  Evlərə ziyan dəyən hücumlarda yaralanan və ya ölənlərlə bağlı məlumat paylaşılmasa da, səlahiyyətlilər hadisə ilə bağlı araşdırmaya başladıqlarını bildirib.

  Qeyd edək ki, 1976-cı ildə qurulan və Korsikanın müstəqilliyi üçün silahlı mübarizə aparan Korsika Milli Azadlıq Cəbhəsi 2014-cü ildə müstəqillik tərəfdarlarının Korsika Adası Məclisində çoxluğu əldə etməyə başladığı zaman silahı yerə qoyduğunu açıqlamışdı. Korsika parlamentində 63 yerdən 46-na sahib olan millətçilər “Korsika xalqının qanuni olaraq tanınması”, “Korsika dilinə rəsmi status verilməsi” və “Korsika xalqı ilə onların torpaqları arasındakı bağın qeydiyyat statusu ilə tanınması”nı tələb edirlər.

  Coğrafi cəhətdən İtaliyaya daha yaxın olan Korsika adası 18-ci əsrdən Fransanın bir hissəsidir. Ölkənin 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada 2018-ci ildən məhdud muxtariyyətli “Xüsusi regional bütövlük” statusu ilə idarə olunur.



Әlaqәli Xәbәrlәr