İclas Qəzzada baş verənlərlə bağlı bəyanat qəbul edilmədən başa çatıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib.

2048168
İclas Qəzzada baş verənlərlə bağlı bəyanat qəbul edilmədən başa çatıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib.

Mətbuata qapalı keçirilən görüşdən sonra nümayəndələr jurnalistlərə açıqlama veriblər.

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”.

"Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia ABŞ-ın görüşdə Rusiyanın hücumları qınamadığını eyham vurduğunu ifadə edərək, "Bu doğru deyil. Biz mülki şəxslərə qarşı edilən bütün hücumları pisləyirik" deyib.

Nebenzia bildirib ki, Rusiya görüşdə açıq şəkildə "qarşıdurmaların dərhal dayandırılması, atəşkəsin yaradılması və mənalı danışıqlar aparılması vacibdir" mesajını verib.

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jung birbaşa "Həmas"ı qınamasa da, Pekinin mülki şəxslərə qarşı bütün hücumları pislədiyini bildirib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan görüşdən əvvəl jurnalistlərə açıqlamasında Həması “müharibə cinayətləri törətməkdə” ittiham edib.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur İsrailin Qəzzaya qarşı blokadası və davamlı hücumlarının "Həmas"ın hərbi qabiliyyətini məhv etmək məqsədinə çatmadığını ifadə edərək, "İndi zorakılıq və qan tökülməsini dayandırmağın vaxtıdır. İndi blokadanı sona çatırmaq və siyasi üfüq açmaq vaxtıdır" deyib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 8 oktyabr səhəri İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.



Әlaqәli Xәbәrlәr