İsrailin Qəzzaya əks-hücumları və hadisələr

İsrail 8 oktyabr gecəsindən 9-una keçən saatlarda Qəzzaya hücumlarını davam etdirib ...

2047755
İsrailin Qəzzaya əks-hücumları və hadisələr

 

  “Həmas”ın blokada altındakı Qəzza zolağından etdiyi hücumlarda yaralanan israillilərin sayı 1864-ə yüksəlib.

  İsrail Səhiyyə Nazirliyindən verilən məlumata görə, 345-i ağır olmaqla 1864 israilli yaralanıb.

  İsrail mətbuatında hücumlarda 300 israillinin öldüyü yazılıb.

  İsrail ordusundan verilən yazılı açıqlamada Qəzza zolağı sərhədindəki yəhudi yaşayış məntəqələrindən israillilərin təxliyyəsinin başlandığı və əksər bölgələrdə nəzarətin bərpa olunduğu açıqlanıb.

  Döyüş təyyarələri “Həmas”a bağlı ofislərin yerləşdiyi və əməliyyatlar aparmaq üçün yüksək səviyyəli üzvlərin istifadə etdiyi iki hündürmərtəbəli binaya hücum edib.

  “Həmas” başçıları və üzvlərinin, eləcə də təşkilat daxilində müxtəlif birləşmə və birliklərə aid olduğu düşünülən ofislərin olduğu binalar “Fələstin” adlandırılıb və 4 bina İsrail tərəfindən vurulub.

  İsrail ordusu Qəzza zolağının bəzi bölgələrində fələstinliləri təhlükəsizlikləri üçün evlərini tərk etməyə çağırıb və sığınacaqlara getmələrini istəyib. Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee açıqlama verib.

  İsrail 8 oktyabr gecəsindən 9-una keçən saatlarda Qəzzaya hücumlarını davam etdirib. Hərbi təyyarələr Qəzza şəhərinin qərbində, Beyt-Hanun qəsəbəsində fələstinli qruplara aid hərbi məntəqəni, Qəzzanın cənub və mərkəzi hissəsində dövlət qurumlarına aid ev və binaları bombalayıb. Hədəflər arasında “Həmas”ın Qəzzadakı nümayəndəsi Yəhya əs-Sinvarın Nəsr səmtindəki ofisi, Fələstin stadionu, İslami Milli Bankı və İstehsal Bankı binaları olub.

  Hücumda Qəzzanın qərbində Cəla küçəsində bir sıra hüquq firmaları və ofislərinin də yer aldığı 14 mərtəbəli “Vətən” yaşayış binası bombalanıb, ətrafdakı binalara da ziyan dəyib. Bu, hücumlarda bombalanan ikinci 14 mərtəbəli yaşayış binası olub.

  İsrail təyyarələri həmçinin “Həmas” Siyasi Bürosunun katibi Kamal Əbu Aun, Siyasi Büro üzvləri İsam əl-Daalis, Nizar Avadallah, Mahmud əl-Zəhhar və hərəkatın başçılarından İsam əl-Sərracın evlərinə hava zərbələri endirib.

  İsrail Hərbi Dəniz Donanmasına bağlı qüvvələr isə Qəzza sahilləri   yaxınlığındakı bir sıra ərazini bombalayıb.

  Yanacaq və malların Qəzzaya girişini dayandırmaq qərarına gələn İsrailin energetika naziri Yisrael Katz bundan əvvəl blokadada olan əraziyə elektrik enerjisinin verilməsinin dayandırılması barədə göstəriş vermişdi.



Әlaqәli Xәbәrlәr