Mərkəzi Asiya-ABŞ dövlət başçılarının ilk sammiti keçirilib

Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və ABŞ dövlət başçılarının C5+1 formatında ilk zirvə görüşü keçirilib.

2039836
Mərkəzi Asiya-ABŞ dövlət başçılarının ilk sammiti keçirilib

Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və ABŞ dövlət başçılarının C5+1 formatında ilk zirvə görüşü keçirilib.

ABŞ prezidenti Co Baydenin ev sahibliyi etdiyi sammitdə Qazaxıstan prezidenti Kasım Comert Tokayev, Qırğızıstan prezidenti Sadır Caparov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon  və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak edib.

Qeyd olunub ki, 8 il əvvəl Səmərqənddə xarici işlər nazirləri səviyyəsində yaradılmış C5+1 formatı dövlət başçıları səviyyəsinə qaldırılıb, Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında bütün sahələrdə.
açıq və konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilib. 
Liderlər Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında iqtisadi əməkdaşlığı, o cümlədən təhlükəsizlik çağırışlarının, kibertəhlükəsizlik, terror, zorakı ekstremizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinin həllində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Sammitdə çıxış edən Qazaxıstan prezidenti Kasım Comert Tokayev Almatıda Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya və Əfqanıstanda Regional Davamlı İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-ın dəstəyinə inandıqlarını bildirib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə ticarət və investisiya fəaliyyətinin gücləndirilməsi, layihə əməkdaşlığının qurulması, regionda nəqliyyat dəhlizlərinin inkişafı, insan haqlarının təmin edilməsi, təhsil proqramlarının yayılması, Əfqanıstandakı vəziyyətin sülh yolu ilə həllinə kömək kimi məsələlərə diqqət çəkib.

Qırğızıstan prezidenti Sadır Çaparov isə qeyd edib ki, sammit qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədi daşımalıdır.

Çaparov “ABŞ ilə əməkdaşlıq, o cümlədən C5+1 formatı Qırğızıstanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir” deyib.

Tacikistan prezidenti Emoməli Rəhmon da artan çağırış və təhdidlər, terror və ekstremizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, regional təhlükəsizliyin təmini, Əfqanıstandakı siyasi vəziyyət və Tacikistanın Əfqanıstanla sərhədinin mühafizəsi məsələlərinə toxunub və bu prosesdə beynəlxalq dəstəyin və əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşün sonunda Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında qarşılıqlı anlamanın dərinləşdirilməsi və konstruktiv tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

digər tərəfdən, ABŞ prezidenti Co Bayden BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında C5+1 dialoq formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.

Co Bayden görüş zamanı deyib: "Düşünürəm ki, bu, tarixi bir məqamdır. Biz Mərkəzi Asiya ilə ABŞ arasında münasibətləri uzun illər davam edən sıx əməkdaşlıq, suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı ortaq öhdəliyə əsaslanan əməkdaşlıq üzərində qururuq".

ABŞ-ın əməkdaşlığı yeni zirvələrə qaldırdığını qeyd edən Co Bayden bildirib ki, Vaşinqton Mərkəzi Asiya regionunda təhlükəsizliyin maliyyələşdirilməsi, terrorla mübarizə, iqtisadiyyat, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin gücləndirilməsi və bir sıra başqa sahələr üzrə əməkdaşlığı gücləndirməyi hədəfləyir. O əlavə edib: "Bu gün səmərəli söhbətinizə görə hamınıza təşəkkür etmək istəyirəm və gələcəkdə daha da böyük işlər görmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, sammit tarixdə ilk dəfə C5+1 formatında yüksək səviyyədə keçirilən tədbir olub və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.



Әlaqәli Xәbәrlәr