Mərakeşdə ölənlərin sayı 2000, yaralananlar 2500-i keçdi

Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub ...

2035205
Mərakeşdə ölənlərin sayı 2000, yaralananlar 2500-i keçdi

 

 

  Mərakeşdə zəlzələdə ölənlərin sayı 2000 nəfəri keçib, 2500-dən çox  yaralı var. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

  Sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

  Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr uzaqlıqda, 10 kilometr dərinlikdə olub.

  Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss edilib.

  Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.

  Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal olunur.

  Axtarış-xilasetmə işləri davam etdirilir.

  Mərakeşdə zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar üç günlük matəm elan olunub. Kral Sarayı bildirib ki, 3 gündə Afrika ölkəsindəki bayraqlar yarıya qədər endiriləcək.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev baş verən zəlzələ ilə bağlı Mərakeş hökumətinə və xalqına başsağlığı veriblər.

  Qeyd edək ki, Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Zəlzələ nəticəsində 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində - Mədinədə çox bina dağılıb. Dünyanın hər yerindən gələn səyyahlar tərəfindən sevilən, qədim evlər arasında dolanan dar küçələr bir gündən artıqdır ki, daş qalaqları və şüşə qırıqları, müxtəlif istiqamətlərə çıxan armaturlar və damın qırıqları ilə doludur.

  Ekspertlər etiraf edirlər ki, Mərakeşin mədəni, tarixi və memarlıq irsinə çox ciddi ziyan dəyib. 2001-ci ildə UNESCO-nun şifahi və qeyri-maddi irsə daxil edilmiş məşhur Cemaa əl-Fna meydanındakı Harbuş məscidinin minarəsi də demək olar ki, tamamilə uçub. Mərakeşin simvollarından biri - 12-ci əsrdə tikilmiş, Məqribdə dini tikililərin etalonu kimi tanınan Kutoubia məscidinin 69 metrlik minarəsi zədələnib. 19-cu əsrin ikinci yarısında tikilmiş, hazırda Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi və müxtəlif dövrlərə aid zəngin keramika kolleksiyasının saxlanıldığı Dar Si Səid sarayına ciddi ziyan dəyib. Artıq binaların vəziyyətinin diaqnostikası və dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. Mərakeş Milli Muzeylər Fondu xaricdən minlərlə nümayəndəni cəlb edərək Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondu ilə birgə oktyabrda zədələnmiş muzeyləri təmir və bərpa ilə bağlı iclas keçirəcək.

*



Әlaqәli Xәbәrlәr