Ukrayna: ''Rusiya Ukraynanın müxtәlif bölgәlәrinә ağır zәrbәlәr endirib''

Ukraynanın Volın vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yuri Poqulyayko bildirib ki, Rusiya raketinin Lutsk şəhərindəki bir iş yerini vurması nəticəsində 3 nəfər ölüb.

2024855
Ukrayna: ''Rusiya Ukraynanın müxtәlif bölgәlәrinә ağır zәrbәlәr endirib''

Ukraynanın Volın vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yuri Poqulyayko bildirib ki, Rusiya raketinin Lutsk şəhərindəki bir iş yerini vurması nəticəsində 3 nəfər ölüb.

Rusiya gecə saatlarında Ukraynanın Lvov, Dnepropetrovsk, Volın, Çerkassı və digər vilayətlərinə raket zərbələri endirib.

Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozinski rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib ki, raket parçaları Lvov şəhərindəki 2 mənzilin üzərinə düşüb.

"Bu evlərdə yanğın baş verib, dağıntılar olub, insanlar təxliyə olunub. Xəsarət alanlar var, tələfatla bağlı məlumat qeydə alınmayıb",-deyə Maksim Kozinski qeyd edib.

Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak da internet səhifəsindəki paylaşımında Rusiyanın raket hücumları nəticəsində Dnepr şəhərində bir iş yerində yanğının baş verdiyini və 2 nəfərin yaralandığını açıqlayıb.

Lisak bölgədə 7 qanadlı raketin vurulduğu barədə məlumat verib.

Volın vilayəti Hərbi Administrasiyasının rəhbəri Yuriy Poqulyayko Rusiya raketinin Lutsk şəhərindəki bir iş yerinə düşdüyünə diqqət çəkərək hücumlarda 3 nəfərin həyatını itirdiyini, bir neçə yaralının isə xəstəxanaya yerləşdirildiyini bildirib.

Çerkassı vilayətinin Hərbi Administrasiyasının rəhbəri İqor Taburets sosial media hesabında etdiyi paylaşımda Rusiyanın səhər saatlarında  Çerkassı vilayətinə raket zərbələri endirdiyini bildirib.

İqor Taburets raketin bir iş yerinə düşdüyünü vurğulayıb.

"Daha bir raket səhiyyə müəssisəsinin yerləşdiyi əraziyə düşüb. Tələfat yoxdur",-deyə İqor Taburets qeyd edib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada səhər saat 04:00 radələrində Rusiyanın Ukraynaya havadan və dənizdən raket hücumu təşkil etdiyi bildirilib.

Bəyanatda müxtəlif tipli 28 qanadlı raketin atıldığının müəyyən edildiyi, Ukraynanın bir sıra bölgəsində hava hücumu xəbərdarlığının verildiyi, bir çox bölgədə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyi qeyd edilib.

Bəyanatda deyilir:“Hava döyüşü nəticəsində Ukrayna HHQ-nin müdafiə qüvvələrinin digər bölmələri ilə birgə 16 “Kalibr” X-101/Х-555 tipli qanadlı raket məhv edilib”.

Bəyanatda həmçinin bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye bölgələrinə 8 ədəd C-300-400 zenit-raketi atıb.


Etiketlәr: #hücum , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr