V4 dövlətlərində kriminogen şərait kəskin şəkildə pisləşib

Bu barədə V4 ölkələri daxili işlər nazirliklərinin qrupun katibliyinə təqdim etdikləri hesabatda bildirilir

2009429
V4 dövlətlərində kriminogen şərait kəskin şəkildə pisləşib

 

  Ukraynada müharibənin başlanmasından bəri Mərkəzi Avropanın bir sıra ölkələrində, xüsusən “Vışeqrad qrupu” (V4) dövlətlərində kriminogen şərait kəskin şəkildə pisləşib. Bu barədə V4 ölkələri daxili işlər nazirliklərinin qrupun katibliyinə təqdim etdikləri hesabatda bildirilir.

  Hesabatda qeyd olunub ki, 2022-ci ildə bu ölkələrdə cinayətkarlığın səviyyəsi pandemiyadan əvvəlki göstəricilərə qayıdır. Bununla bağlı yeni cinayət işləri açılıb. Ən böyük cinayət işləri korrupsiya, dövlət kontraktları ilə manipulyasiya və siyasi mövqeyindən sui-istifadə üzrə açılıb.

  Nazirliklər postsovet kriminal strukturlar üzərində müşahidələri gücləndirməyi təklif ediblər. Belə ki, Ukraynada müharibənin başlanmasından sonra rusdilli mafioz strukturların bir hissəsi Polşa, Çexiya, Slovakiya və Macarıstana köçüb. Rusdilli qrupların nümayəndələri ilə biznes münasibətlərində olan insanlardan alınan məlumatların təhlili göstərir ki, cinayət əməlləri barədə ilk siqnallar hələ müharibənin başlanmasına iki ay qalmış daxil olub. Hələ o vaxtlarda hər dörd ölkədə, məsələn, Vyanada cinayətkar dəstələrin varlı üzvləri bir il və daha çox müddətə dəbdəbəli otelləri sifariş edir və öz ailə üzvlərini gətirirdilər.

  Hesabatda yazılır: “Eyni zamanda, onlar Rusiya, Ukrayna və Belarusdan mümkün olan bütün əşyaları gətirirdilər. Vəziyyətdən istifadə etməyə çalışan bu adamlar o vaxtlar sərhədlərdə ciddi yoxlamaların olmaması amilindən də yararlanırdı. Bütün bunlar müharibəyə iki ay qalmış baş verib və ehtimal olunur ki, onlar gələcəkdə olacaq hadisələrlə bağlı məlumatlı olublar. Onların bu informasiyaya malik olmaları təəccüblü deyil, belə ki, kriminal strukturlar bir sıra postsovet ölkələrində hökumət dairələri ilə sıx əlaqəlidir”.

  Bununla yanaşı, postsovet kriminal dəstələrin üzvləri və kriminal avtoritetlərin ailələrinin yerdəyişməsi müşahidə olunur ki, bu da Ukraynada hərbi münaqişəsinin başa çatmasından sonrakı dövrdə də “dördlük” ölkələrində daimi yerləşməsi ilə nəticələnə bilər. Bu risk postsovet ölkələrində cinayətkar təşkilatlara xas olan qarşılıqlı koordinasiya və əlaqələr, həmçinin cinayətkarların yeni yerlərində cinayət aləmində özlərinə yol açması bacarığı fonunda daha da güclənə bilər. Beləliklə, kriminalistlər hesab edirlər ki, 2023-cü ildə V4 qrupu ölkələrinin ərazilərində postsovet ölkələrinin kriminal strukturlarının yeni sıravi və yüksək mövqeli üzvlərinin yerləşməsi prosesinin davam edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr