ABŞ-ın "qara ləkə"si daha da qaraldı

Rendl, Fletçer və Ellis 2020-ci ildə şahid olduqları Tulsa qətliamı üçün sağ ikən "ədalət" görəcəkləri ümidi ilə Tulsa şəhər hökumətinə, yerli və əyalət departamentlərinə qarşı iddia qaldırmışdılar

2009295
ABŞ-ın "qara ləkə"si daha da qaraldı

 

  ABŞ irqçilik tarixində "qara ləkə" kimi yadda qalan 1921-ci il Tulsa qətliamı ilə bağlı təzminat tələbi üçün açılan iddia Oklahoma ştatının hakimi tərəfindən rədd edilib.

  Tulsa rayon məhkəməsinin hakimi Karolayn Uol (Caroline Wall) qırğından sağ çıxan Lessi Benninqfild Rendl (Lessie Benningfield Randle), Viola Fletçer və Hüz Van Ellis (Hughes Van Ellis) tərəfindən 2020-ci ildə açılan iddianı bağlayıb.

  Hakim Uol iddiada müdafiə tərəfinin arqumentlərini əsaslandırıb və üç iddiaçının sözügedən qırğından fərdi olaraq mənfi təsirlənmədiyinə qərar verib. Qeyd olunub ki, iddiaçılar apellyasiya şikayəti verə bilər, lakin yenidən dövlət məhkəməsində iddia qaldıra bilməz.

  Rendl, Fletçer və Ellis şahid olduqları Tulsa qətliamı üçün sağ ikən "ədalət" görəcəkləri ümidi ilə Tulsa şəhər hökumətinə, yerli və əyalət departamentlərinə qarşı iddia qaldırmışdılar. İddiada o da bildirilir ki, Tulsada yüzlərlə qaradərilinin öldürülməsi və ölkənin ən çiçəklənən qaradərili biznes bölgəsinin dağıdılmasının təsiri hələ qalır.

  1921-ci il Tulsa qırğını haqqında qısa məlumat. 31 may 1921-ci ildə Tulsada ayaqqabı təmizləyən işləyən 19 yaşlı qaradərili Dik Rouland (Dick Rowland) liftdə ağdərili qıza sataşdığına görə saxlanıldı. Xəbər şəhərə yayılınca polis bölməsinə yürüyən yüzlərlə ağdərilidən Roulandı qorumaq üçün gedən qaradərili qruplar arasında qarşıdurma yarandı, 12 nəfər həyatını itirdi və hadisələr nəzarətdən çıxdı. Silahlı ağ üsyançıların izdihamı polis və Milli Qvardiyanın əməkdaşlığı ilə o zaman qaradərililərə aid Qrinvud (Greenwood) rayonuna və məhəllələrə hücum etdi.

  Yerli hakimiyyət orqanlarının məlumatına görə, 300-dən çox qaradərili adamın həlak olduğu hadisələrdə həyatını itirənlərin heç birinin rəsmi qeydiyyatı aparılmadı, dəfn mərasimi qadağan edildi, onlar tələsik basdırıldılar.

  İdarələri, sığorta şirkətləri yandırılan, iş yerləri və evləri talan edilən qaradərililərə dəyən ziyanı hələ də ödənilməyib və qaradərililərin Uoll Striti (Wall Street) kimi tanınan Qrinvud (Greenwood) ticarət rayonu şəhərdən silinib.



Әlaqәli Xәbәrlәr