"Titanik"ə gedən “Titan”ın qalıqları və 5 ölü

Atlantik okeanında "Titanik"in qəzaya uğradığı yerə 18 iyunda turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb

2003449
"Titanik"ə gedən “Titan”ın qalıqları və 5 ölü

 

  Atlantik okeanında "Titanik"in qəzaya uğradığı yerə 18 iyunda turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb. Sualtı qayıqda olan 5 nəfər həlak olub.

  ABŞ Sahil Mühafizəsi Xidməti səlahiyyətliləri sualtı qayığın təzyiq nəticəsində partladığını və parçalandığını bildirib.

  Parçalar okeanın 4 kilometr dərinliyində, “Titanik” gəmisinin dağıntılarından 488 metrlik məsafədə ortaya çıxarılıb.

  “The Wall Street Journal” yazıb ki, ABŞ Hərbi Dəniz Donanmasının gizli səs sistemi “Titan” suya girəndən az sonra partlayış səsini aşkar edib.

  Sualtı qayıqla bağlı faciəvi təfərrüatlar ortaya çıxarılmaqdadır.

  İtkin sualtı qayıqda həyatını itirən britaniyalı milyarder Stokton Raşın (Stockton Rush) həyat yoldaşı Vendi Raşın (Wendy Rush) 1912-ci ildə “Titanik” qəzasında həlak olan ər-arvadın nəvəsi imiş.

  Xatırladaq ki, təxminən 6,5 metr uzunluğunda olan və 5 sərnişini ilə yola çıxan sualtı gəmi “Titan” Titanikin dağıntılarına turistik səfər üçün iyunun 18-də 96 saatlıq oksigen tədarükü ilə suya enmişdi.

  Sərnişinlər arasında 58 yaşlı britaniyalı milyarder Həmiş Hardinq (Hamish Harding), Pakistanın ən zəngin iş adamlarından olan 48 yaşlı şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, “OceanGate” şirkətinin qurucusu Stokton Raş və okeanoqraf Pol-Anri Narjole (Paul Henry Nargeolet) də olub.

  Səyahət müddəti 2,5 saat olacağı proqnozlaşdırılan sualtı qayığın dalışdan 1 saat 45 dəqiqə sonra "Polar Prince" gəmisi ilə əlaqəsi kəsilib.

  Pakistan Xarici İşlər Nazirliyi "Titanik"in qalıqları altına dalarkən itən sualtı qayıqda Pakistan şahzadəsi Davut və oğlu Süleymanın da olduğu 5 nəfərin ailələrinə başsağlığı verib.

  “OceanGate Expeditions” kompaniyasına məxsus “Titan” batiskafının ölmüş sayılan 5 sərnişininin axtarış perspektivi qeyri-müəyyəndir. Batiskafın qalıqları batmış “Titanik” gəmisindən bir kilometr aralıda aşkarlanıb və sualtı mühitin sərt şəraiti axtarışları çətinləşdirir.

  "Euronews" telekanalı xəbər verir ki, ABŞ Sahil Mühafizə Xidmətinin nümayəndələri jurnalistlərə deyiblər ki, buna baxmayaraq, 10 müxtəlif gəminin cəlb olunduğu əməliyyat davam edir. Kontr-admiral Con Moger əməliyyatın gedişində batiskafın 5 iri parçasının tapıldığını bildirib. Tapılan qalıqlar batiskafda partlayış baş verdiyini göstərir. Güman edilir ki, sərnişinlərin ölümü məhz parlayış səbəbindən baş verib.



Әlaqәli Xәbәrlәr