Cənubi Koreya və ABŞ-ın kompüter simulyasiyasına əsaslanan birgə hərbi təlimləri

"Warrior Shield" (Döyüşçü qalxanı FTX) səhra manevrləri də keçiriləcək ki...

1954686
Cənubi Koreya və ABŞ-ın kompüter simulyasiyasına əsaslanan birgə hərbi təlimləri

 

  Cənubi Koreya (Koreya Respublikası) və ABŞ Şimali Koreyanın təhdidlərinə baxmayaraq, planlaşdırıldığı kimi, hərbçiləri martın 13-dən 23-dək kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” (Azadlıq qalxanı) adlı birgə illik komanda-qərargah təlimlərini keçirəcək. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, müdafiə sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədi daşıyan hərbi təlimlər fasiləsiz davam edəcək və kompüter simulyasiyasına əsaslanan ən uzunmüddətli bir manevr olacaq.

  "Warrior Shield" (Döyüşçü qalxanı FTX) səhra manevrləri də keçiriləcək ki, bu da birgə fəaliyyətlərin realizmini artırmaq üçün nəzərdə tutulub. Eləcə də böhran vəziyyətlərinin idarə edilməsi ilə bağlı 4 günlük təlim olacaq.

  Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü polkovnik Li Son Cun (Lee Sung Jun) sözügedən mövzu ilə bağlı deyib: “Cənubi Koreya və ABŞ alyansı “Azadlıq qalxanı” təlimi ilə Şimali Koreya ordusunun təxribatlarına qarşı qəti mövqeyini davam etdirəcək. Bu iki ölkə Şimali Koreyadan gələn potensial təhdidlərə əzici güclə cavab verəcək”.

  ABŞ ordusunun sözçüsü polkovnik İsaak L.Taylor də belə söyləyib: “Təlimdə əməliyyat imkanlarını artırmaq üçün “Warrior Shield FTX” adlı geniş miqyaslı ortaq səhra təlimləri də təşkil edəcəyik. Təlim həm quruda, həm də dənizdə keçiriləcək.”

  Şimali Koreyanın 2022-ci ildə keçirdiyi raket sınaqları və Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimi bölgədəki gərginliyi bir daha artırıb. Rəsmi Pxenyan 2023-cü ilin ilk saatlarında yenə ballistik raket sınağı keçirdi. Şimali Koreyanın raket sınaqlarını artırmasına cavab olaraq Cənubi Koreya ABŞ-la birlikdə hava təlimləri keçirir.

  Xatırladaq ki, Şimali Koreya fevralın 24-də “ABŞ Koreya yarımadasında düşmən fəaliyyətini davam etdirərsə, bunu “müharibə elanı” görəcəyi”ni bildirmişdi.



Әlaqәli Xәbәrlәr