Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə başlayıb

Macarıstan parlamentində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sessiya keçirilib.

1953532
Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə başlayıb

Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti və Enerji Təhlükəsizliyi üzrə Dövlət Katibi Peter Sztaray bildirib ki, Macarıstan hökuməti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir.
Macarıstan parlamentində İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sessiya keçirilib.

Sessiyada çıxış edən Peter Sztaray iki ölkənin 1995-ci ildən NATO ilə sıx tərəfdaşlıq əlaqələri qurduğunu və bir çox ortaq proqramlarda iştirak etdiyini bildirib və iki ölkənin NATO-ya üzvlüyünün Macarıstanın xarici və təhlükəsizlik siyasətinə töhfə verəcəyini qeyd edib.

İsveç və Finlandiyanın tez-tez Macarıstanı haqsız yerə tənqid etdiyini qeyd edən Sztaray hökumətin Macarıstan Milli Məclisinin danışıqlar aparmaq üçün bu iki ölkəyə nümayəndə heyəti göndərilməsi qərarını dəstəklədiyini bildirib.

Parlamentdəki müxalifət partiyalarından olan Demokratik Koalisiyanın (DK) üzvü Aqnes Vadai İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə NATO-nun şərq qanadının və Macarıstanın təhlükəsizliyinin gücləndiriləcəyini müdafiə edib.

Hökuməti iki ölkənin NATO-ya üzvlüyü məsələsində ləng hərəkət etməkdə günahlandıran Vadai Rusiyanın təcavüzü səbəbindən İsveç və Finlandiyanın uzun illər davam edən neytrallıq siyasətindən əl çəkməli olduğunu bildirib.

Jobbik Partiyasının deputatı Koloman Brenner isə qeyd edib ki, təmsil etdiyi partiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir.

Rusiyanın Ukraynaya təcavüzünün dünyanın qlobal təhlükəsizlik siyasətini dəyişdiyinə diqqət çəkən Brenner 1945-ci ildən bəri heç bir ölkənin qonşularına tanklarla hücum edərək, hər cür beynəlxalq müqavilələri pozaraq dinc əhaliyə qarşı müharibə cinayəti törətmədiyini bildirib.

Brenner həmçinin Macarıstan hökumətinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyinin Macarıstanın milli maraqlarına zərbə vurduğunu müdafiə edib.

İfrat sağçı Mi Hazank partiyasının üzvü Elöd Novak İsveç və Finlandiyanın NATO üzvlüyünə dünya müharibəsinə doğru bir addım olduğunu əsas gətirərək etiraz etdiklərini və Macarıstanın veto hüququndan istifadə etməli olduğunu bildirib.

Xatırladaq ki, Macarıstan İsveç və Finlandiyaya nümayəndə heyəti göndərmək qərarına gəlib.

Macarıstanın Baş naziri Viktor Orban fevralın 24-də İsveç və Finlandiyanın NATO üzvlüyünü şəxsən dəstəklədiyini, lakin onun Fidesz partiyasının bəzi millət vəkillərinin "Macarıstan haqqında yalan iddialar yaydıqları" səbəbi ilə iki ölkəni dəstəkləmək istəmədiyini bildirib.

Orban həmçinin, "İsveç və Finlandiya Macarıstanın ədalətli olmasını və NATO üzvlüyünə töhfə verməsini istəyirsə, o zaman bu ölkələr də eyni addımları atmalı və Macarıstan haqqında yalan iddialar yaymamalıdır" deyib.

Macarıstan prezidenti Katalin Novak isə bu gün verdiyi açıqlamada İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəklədiyini və Macarıstan Milli Məclisinin yaxın zamanda düzgün qərar verəcəyinə inandığını bildirib.



Әlaqәli Xәbәrlәr