"Şeytan ayələri"nin müəllifi kəfəni yırtdı

75 yaşlı Salman Rüşdidən süni nəfəs aparatı çıxarılıb və o danışmağa başlayıb

1867600
"Şeytan ayələri"nin müəllifi kəfəni yırtdı
Salman Rüşdi.jpeg

 

  Hücuma məruz qalan hind əsilli britaniyalı yazıçı Salman Rüşdinin səhhəti yaxşılaşır.

  ABŞ-da konfransda çıxış etməyə hazırlaşan hind əsilli İngiltərə yazıçısı hücuma məruz qalaraq xəstəxanaya yerləşdirilib.

  75 yaşlı Salman Rüşdidən süni nəfəs aparatı çıxarılıb və o danışmağa başlayıb.

  Müalicəsi davam edən yazıçının gözünü itirə biləcəyi deyilir.

  Zaldakılar tərəfindən tutularaq polisə təhvil verilən 24 yaşlı Hadi Matar ilk məhkəmə iclasına çıxarılıb. Şübhəli “ikinci dərəcəli adam öldürməyə cəhd”də ittiham olunur.

  Hadi məhkəmədə özünü təqsirli bilməyib, hücumun planlaşdırıldığını deyib.

  Xatırladaq ki, Salman Rüşdinin 1988-ci ildə çıxardığı "Şeytan ayələri" kitabı İranda “Qadağan olunmuş ədəbiyyat” siyahısındadır. O zaman İranın keçmiş ali dini başçısı Ayətullah Xomeyni Rüşdinin qətli ilə bağlı fətva verdi və onu öldürənə 3 milyon dollardan çox mükafat vəd etdi.

  Uzun müddətdir Nyu Yorkda yaşayan Salman Rüşdi avqustun 12-də Buffalo yaxınlığındakı Çatokua (Chautauqua) İnstitutunda mühazirə oxumaq üçün kürsüyə çıxarkən 24 yaşlı Hadi Matar tərəfindən bıçaqla vurulub. Biri boyun nahiyəsindən olmaqla 10-dan çox bıçaq yarası alan Rüşdi helikopterlə UPMC Hamot Cərrahiyyə Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

  Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Salman Rüşdiyə qarşı bu hücumu “dəhşətli” adlandırıb və "ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin rəhbərliyi altında hökumət olaraq hamımız onun tezliklə sağalması üçün dua edirik" deyib.



Әlaqәli Xәbәrlәr