Yaponiyada Sakuracima vulkanı yenidən püskürüb

Yaponiyanın cənub-qərbində, Kyuşi adasındakı Sakuracima vulkanı yenidən püskürməyə başlayıb

1858863
Yaponiyada Sakuracima vulkanı yenidən püskürüb

 

  İyulun 25-nə keçən gecə Kaqoşima prefekturasında yerləşən Sakuracima vulkanının bir neçə dəfə təkrar püskürməsindən sonra Yaponiya meteoroloqları ən yüksək təhlükə dərəcəsi elan ediblər.

  Yaponiya Meteorologiya Agentliyi ərazidəki təhlükə dərəcəsini 3 baldan ən yüksək 5 bala qaldırıb.

  Gecə saat 01:45, 04:45 və 06:31 dəqiqələrdə vulkan təkrar püskürüb. Onlardan sonuncunun daha güclü olduğu və nəticədə tüstü və kül dumanının 2200 metrədək qalxdığı bildirilir.

  Xatırladaq ki, Sakuracima vulkanının ilk püskürməsi bazar günü yerli vaxtla axşam saatlarında baş verib. Nəticədə 2,5 kilometr radiusda vulkanik süxurlar və kül səpələnib. Təhlükə dərəcəsi ən yüksək səviyyəyə qaldırılsa da, mütəxəssislər təkrar güclü püskürmənin gözlənilmədiyini qeyd edirlər.

  Vulkan püskürməsi ilə əlaqədar informasiyanı toplamaq və təhlil etmək üçün Yaponiya hökuməti yanında fövqəladə qərargah yaradılıb. Kaqoşima prefekturasının yerli hökumət orqanları isə vulkana yaxın ərazidə yerləşən iki rayonda təxliyə elan ediblər. Təbii fəlakət nəticəsində xəsarət alanların olmadığı bildirilir.

  Qeyd edək ki, Sakuracima vulkanının ən güclü püskürməsi 1914-cü ildə baş verib ki, həmin vaxt 58 nəfər həyatını itirib.



Әlaqәli Xәbәrlәr