ABŞ Şimali Koreyaya ön şərtsiz danışıqlar təklif edib

Linda Thomas Qrenfild Şimali Koreyaya heç bir şərt irəli sürülmədən danışıqlar təklif etdiklərini və "davamlı və əsaslı dialoq" qurmağın vaxtının gəldiyini söyləyib.

1722684
ABŞ Şimali Koreyaya ön şərtsiz danışıqlar təklif edib

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Thomas Qrenfild Şimali Koreyaya heç bir şərt irəli sürülmədən danışıqlar təklif etdiklərini və "davamlı və əsaslı dialoq" qurmağın vaxtının gəldiyini söyləyib.

Şimali Koreya “yeni tipli sualtı qayıqdan buraxılan ballistik raketi” sınaqdan keçirdiyini elan etdikdən sonra ABŞ və İngiltərə Pxenyanın nüvə proqramını BMT Təhlükəsizlik Şurasının gündəminə gətirib.

Qrenfild jurnalistlərə verdiyi açıqlamada Şimali Koreyanın ballistik raket sınağını qınayıb və bu sınaqların BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu söyləyib.

Şimali Koreyanın son ballistik raket sınağının "ehtiyatsız təxribat" olduğunu bildirən Tomas Qrenfild Pxenyanı daha bir təxribatdan çəkinməyə çağırıb.

Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün "dayanıqlı və əsaslı dialoq" qurmağın vaxtının gəldiyinə işarə edən Qrenfild Şimali Koreyaya heç bir şərt qoymadan görüş təklif etdiklərini vurğulayıb.

O, bölgədəki gərginliyi azaltmaq üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq etməyə hazır olduqlarını da qeyd edib.

Xatırladaq ki, Şimali Koreya 15 sentyabrda qısa mənzilli ballistik, 28 sentyabrda isə Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) "yeni hazırlanmış hipersonik" olaraq xarakterizə etdiyi raket sınaqları keçirdi.

BMT Təhlükəsizlik Şurası nüvə proqramına görə 2006-cı ildən Şimali Koreyaya qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.



Әlaqәli Xәbәrlәr